×
A
A
A
Sazlamalar

Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə çağırış edib

Bakı, 13 iyul, AZƏRTAC

Respublika üzrə payızlıq arpa və taxıl sahələrində biçin yekunlaşmaq üzrədir. Ölkə ərazisində son aylar havaların qeyri-sabit keçməsi aqrar sahəyə müəyyən qədər öz mənfi təsirini göstərib. Lakin buna baxmayaraq, respublikamızda məhsuldarlıq arpa üzrə 30-35 sentner, buğda üzrə 35-40 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib.
O deyib ki, biçindən əvvəl taxıl yığımının itkisiz və vaxtında həyata keçirilməsi, o cümlədən yanğın təhlükəsi yaradacaq halların qarşısının alınması ilə bağlı Assosiasiya tərəfindən müxtəlif maarifləndirmə tədbirləri aparılıb. Lakin bəzi sahələrdə yanğınlar müşahidə olunub. Bəzən fermer və sahibkarlar yanlış olaraq düşünürlər ki, biçindən sonra sahələrin yandırılması torpaqda olan alaq otlarının, o cümlədən zərərverici həşəratların məhvi üçün əlverişli üsuldur.
Mədinə Əliyevanın sözlərinə görə, sahələrdə baş verən yanğın ətraf mühitə zərər verməklə torpağın məhsuldarlığını aşağı salır, torpağın həyat qabiliyyəti zəifləyir, illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur. Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə, torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Bu səbəbdən taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 milyon hektardan artıq sahədə taxıl əkilib, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.

Kənd təsərrüfatı 2023-07-13 15:20:00