×
A
A
A
Sazlamalar

Yay qripi adi qripdən bir çox xüsusiyyətinə görə fərqlənir

Bakı, 13 iyul, AZƏRTAC

İnsanların son vaxtlar şikayət etdiyi xəstəliklərdən biri yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Bu zaman Günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında “yay qripi” və ya “gün qripi” də deyirlər. Əlamətləri qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir.
AZƏRTAC mütəxəssislərin təhlili əsasında gün qripinin yaranma səbəbləri, isti havalarda ondan qorunmağın yolları istiqamətində araşdırma aparıb. Mövzu ilə bağlı həkim-terapevt Nərgiz Kərimova Günəş şüaları altında uzun müddət qalmaq və ya istivurma səbəbindən insanlarda qripə bənzər əlamətlərin müşahidə olunduğunu deyib: “Yay qripinə yoluxma səbəbləri fərqli olduğu üçün soyuqdəymə zamanı istifadə olunan dərmanlar müalicə üçün tətbiq edilməməlidir. Bu xəstəliyə təsir etməyəcək, əksinə digər sağlamlıq problemlərinə və yan təsirlərə gətirib çıxara bilər. Yay qripi yaranma səbəblərinə görə digər qriplərdən fərqlənir. Bu xəstəliyə, əsasən kondisionerdən istifadə və ya çimərlikdə üşümə səbəb olur. Kondisionerdən istifadə edərkən onun hansı dərəcəyə qoyulmasına mütləq fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, maksimum 22-23 dərəcədə qoyulsun. Yatarkən kondisioner havasının birbaşa vurması da orqanizmə mənfi təsir göstərir və onu zəiflədir”.
Həkim-terapevt Nazilə Xəlilbəyova yay qripinin simptomları haqda danışıb: “Mövsümü xəstəlik hesab edilən gün qripinin əlamətlərinə burun tutulması, halsızlıq, yorğunluq, xırıltılı nəfəsalma, əzələ ağrıları daxildir. Çox vaxt qrip əlamətlərini görən kimi antibiotiklərdən istifadə etməyə başlayırlar. Bu, heç də düzgün deyil, çünki antibiotiklər orqanizmin immunitetini aşağı salmaqla yanaşı mövcud vəziyyəti daha da ağırlaşdırır. Gün qripi ilə üzləşərkən evdən bayıra çıxmamaq, sərin otaqda olmaq, ilıq duş qəbul etmək lazımdır. Çoxlu maye istehlakı və S vitaminindən istifadə edilməsi məqsədəuyğundur”.
Həkim-terapevt Ruhiyyə Yusifova Günəş allergiyası zamanı da yay qripinə bənzər əlamətlər müşahidə olunduğunu vurğulayıb: “Qripdən fərqli olaraq Günəş allergiyası zamanı dəridə müəyyən qızartılar və səpgilər də meydana gəlir. Bu kimi mövsümü xəstəliklərdən sığortalanmanın yeganə yolu isə Günəşdən və istidən qorunmaqdır. Bundan başqa bədən müqavimətinin zəifləməsi səbəblərindən biri də çimərlik və hovuzdan çıxandan sonra gigiyenik qaydalara düzgün əməl olunmamasıdır. Xəstələrə çoxlu maye qəbul etmək, burun kanalının izotonik məhlulla yumaq məsləhət görülür. Bunu ev şəraitində duzlu məhlulla da etmək olar”.
Qeyd edək ki, hazırda qrip virusunun 2000-dən artıq variantı elmə məlumdur. Növündən asılı olmayaraq qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalı, vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Qripin qızdırmalı dövründə bol maye içmək məsləhətlidir, çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstənin qaldığı otağın havası tez-tez dəyişdirilməlidir.

Səhiyyə 2023-07-13 13:08:00