×
A
A
A
Sazlamalar

Kibertəhlükəsizliyi təmin etmək üçün əsas məqam maarifləndirmədir - Ekspert

Bakı, 12 iyul, AZƏRTAC

Ölkəmizdə rəqəmsal həllər artdığı üçün eyni vaxtda kibertəhlükələrin sayı artmaqdadır. Bunun həlli üçün əsas məqam maarifləndirmədir. Kibergigiyena mövzularının geniş istiqamətdə yayılmasıdır. Kibergigiyena barədə ətraflı məlumatlandırma ölkədə kibertəhlükəsizliyin önəmli tərəflərindəndir.
Bunu AZƏRTAC-a açıqlamasında İKT üzrə ekspert, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
Ekspert bildirib ki, ölkəmizdə kibergigiyena mövzularının geniş istiqamətdə yayılması kiberhücumların qarşısını ala bilər. Xüsusilə tələbələr, peşə sahibləri, işçilər, dövlət məmurları, ümumilikdə bütün kateqoriyalar arasında kibertəhlükəsizlik üçün kibergigiyena maarifləndirici təlimləri, seminarlar, konfranslar intensiv təşkil olunmalıdır. Bu, çox önəmlidir.
“Hazırda bir çox hücum növləri - kiberinsidentlər, kiberdələduzluq və s. daha çox insan faktoruna dayanır. Yəni qarşı tərəfdə virus, proqram təminatçısı yoxdur, bir insan var və o, sosial şəbəkələrdən mesaj proqramlarından istifadə edərək hücumlar təşkil edir. Bir şəxs müxtəlif sosial şəbəkələr vasitəsilə və ya email, ya mobil nömrələr vasitəsilə müxtəlif mesajlar atır. “Fishing” üsulu ilə bundan qorunmaq üçün antivirus və təhlükəsizlik proqramları onları yaxalayan kimi kiberhücumçu digər domenə keçid edir. Bunun qarşının alınması üçün əsas faktor maarifləndirmədir, kibergigiyena mövzularının əhatəli olaraq mənimsənilməsidir. Biz özümüzü müdafiə etmək üçün məlumatlı olmalıyıq ki, bizə göndərilən link, mesaj və ya sayta keçid, şəkil, video - bunların altında bizə qarşı xüsusi təşkil edilmiş “fishing” və ya təhlükə motivləri daşıyan fayl olmasın”, - deyə E.Abbasov vurğulayıb.

İKT 2023-07-12 12:05:00