×
A
A
A
Sazlamalar

Milli Onkologiya Mərkəzi əməkdaşlarının yeni nailiyyəti

Bakı, 12 iyul, AZƏRTAC

Amerika Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Assosiasiyasının (SNMMİ) ABŞ-ın Çikaqo şəhərində keçirilmiş konqresində dünyanın hər bir yerindən gəlmiş səkkiz mindən çox alim və tədqiqatçı iştirak edib. Daim dünyanın bir çox ölkəsindən minlərlə elm adamının təmsil olunduğu bu illik konqres onkologiya və nüvə təbabəti sahəsində böyük nüfuza malik olan akademik müzakirə və mübadilə platforması hesab edilir. Cari ildə bu konqresdə ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov və Elnur Mehdi təmsil ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə mühazirə və müzakirələr zamanı yaxın gələcəkdə onkoloji mübarizədə aktiv istifadəyə keçilməsi mütləq olan çoxsaylı yeni trend və innovasiyalar təqdim edilib və bu yeniliklər geniş şəkildə müzakirə olunub.
Konqresdə “Mədəaltı vəzin adenokarsinomasının diaqnostika və müalicəsi üçün yeni kəşf olunan - İnteqrinlər ilə PET/KT görüntüləmə və hədəfə yönəlmiş radionuklid müalicə”, “Yumurtalıq və süd vəzi xərçəngin müalicə qərarına kömək edən yeni molekul olan “18F-FFT (PARPi-görüntüləmə)” üzrə məruzələr təqdim olunub, leykoz xəstələrinin radioaktiv Yod-131 ilə immunoterapiya müalicə taktikaları nümayiş edilib, ilk dəfə olaraq HİV-1 virusunun (QİÇS) immun PET/KT ilə, həmçinin artıq çəkili insanlarda beyin nikotinik asetilxolin reseptorlarının PET/KT ilə görüntülənmələri təqdim olunub.
Azərbaycanın Elm Fondu və Türkiyənin “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu” (TÜBİTAK) ilə birgə layihəsi çərçivəsində dəstəklənən bu ezamiyyət zamanı layihə rəhbəri Fuad Novruzovun təqdim etdiyi “Süd vəzi və prostat vəzi xərçənginin diaqnostika və müalicəsi üzrə aparılan elmi tədqiqatlar” adlı araşdırma böyük marağa səbəb olub və konqres rəhbərliyi tərəfindən “Mükəmməl məqalə” mükafatına layiq görülüb.
Fuad Novruzov deyib: “Ölkə alimlərinin beynəlxalq elmi nailiyyətləri səhiyyə və elm sahəsinə olan dövlət qayğısının əyani göstəricisi, aparılan uğurlu səhiyyə islahatlarının nəticəsi və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin kollektivimizdə yaratdığı sağlam, yaradıcı iş mühitinin bariz nümunəsidir”.

Səhiyyə 2023-07-12 12:00:00