×
A
A
A
Sazlamalar

ÜST: Qızılca xəstəliyi qripdən 6 dəfə daha çox sürətlə yayıla bilir

Bakı, 11 iyul, AZƏRTAC

Qızılca xəstəliyinin Avropa ölkələrində yenidən baş qaldırdığını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi bu xəstəliklə bağlı maarifləndirici məlumat hazırlayıb.
AZƏRTAC-ın verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin saytında yerləşdirilən həmin məlumatda deyilir ki, qızılca yüksək dərəcədə yoluxucudur və qripdən 6 dəfə daha çox sürətlə yayılır. Virus öskürmə, asqırma, yaxın təmas və ya yoluxmuş burun, boğaz sekresiyaları ilə birbaşa təmas zamanı yayılır. Tənəffüs yollarını yoluxdurur, daha sonra bütün bədənə yayılır. Virus havada və ya səthlərdə 2 saata qədər aktiv və yoluxucu qalır. Yoluxmuş şəxs səpkilərin əmələ gəlməsindən 4 gün əvvəl və yoxa çıxmasından sonrakı 4 gün müddətində yoluxucu olaraq qalır. Qızılca ilə bağlı ölümlərin çoxu xəstəliklə əlaqəli ağırlaşmalar nəticəsində olur. Ciddi fəsadlar 5 yaşdan kiçik uşaqlarda və ya 30 yaşdan yuxarı böyüklərdə daha çox rast gəlinir.
Xəstəliyin ciddi fəsadlarına korluq, ensefalit (beynin iltihabı), qulaq infeksiyaları (daimi karlıq) və pnevmoniya kimi ağır tənəffüs yolları infeksiyaları daxildir.
Qeyd olunub ki, qızılcaya qarşı vurulan QPM peyvəndinin 2 dozası bu xəstəlikdən demək olar ki, 100 faiz qoruyur. Qızılca peyvəndi 50 ildir istifadə edilir. Peyvənd yüksək dərəcədə effektiv və tamamilə təhlükəsizdir. Gecikdirilmiş (ölkədə qəbul olunmuş profilaktik peyvənd təqviminə əsasən) QPM peyvəndini 15 yaşa qədər həkim müayinəsi ilə vurdurmaq mümkündür.

 

Səhiyyə 2023-07-11 15:01:00