×
A
A
A
Sazlamalar

Yay fəslində dərini Günəş şüalarının təsirindən qorumaq lazımdır

Bakı, 11 iyul, AZƏRTAC

Yay aylarında dəri daha çox həssaslaşır, qırışır, quruyur və qabıq verir. Ona görə də həmin fəsildə dəriyə qulluq qışla müqayisədə daha fərqli olur. Xüsusilə, üz dərisini ləkələnmədən qorumaq lazımdır, çünki Günəş şüaları quru dərini daha da qurudur və ləkələr əmələ gətirir. Şüaların tərkibindəki ultrabənövşəyi (A,B,C) və görünməyən işıqlar dəriyə faydalı olduğu qədər, həm də ciddi zərər verə bilər.

Yay aylarında hər iki saatdan bir dəriyə Günəşdən qoruyucu krem çəkilməlidir

AZƏRTAC mütəxəssislərin təhlili əsasında Günəş şüalarının dəridə yaratdığı problemlər və onunla mübarizə yolları istiqamətində araşdırma aparıb. Həkim-kosmetoloq Günay Mikayılova bununla əlaqədar deyib: “Yayda ən çox narahatlıq doğuran hal isti və quru havanın üzdə buraxdığı izlərdir. Ona qarşı mübarizə aparmağın yeganə yolu vaxtlı-vaxtında və düzgün SPF kremindən istifadə etməkdir. Hər iki saatdan bir dəriyə Günəşdən qoruyucu krem çəkilməlidir. Bəzən bu zaman dərinin D vitamini alıb-almamağı ilə maraqlanırlar. D vitamini sintezi Günəş şüalarının təsiri altında yalnız ilk 10 dəqiqə ərzində baş verir”.

Saat 11-17 arası mümkün olduqca bayıra çıxmamaq, çıxanda isə qoruyucu krem və gün eynəklərindən istifadə etmək lazımdır. Gün ərzində 2 litrə qədər su qəbul edilməlidir ki, dərinin quruması minimuma ensin. Yayda makiyaj yüngül olmalıdır. Bu fəsildə dəri daha çox çirklənməyə məruz qalır, çünki isti hava və toz yağlı dəridə məsamələr açır. Buna görə də dərinin gündəlik tonik və ya yağlarla təmizlənməsi tövsiyə olunur.
“Günəşin təsiri altında bədxassəli törəmələr əmələ gələ bilər. Ona görə mütləq surətdə SPF kremlərdən, paralel şəkildə nəmləndiricilərdən istifadə edilməli və çoxlu su içilməlidir. Ləkə müalicəsi üçün həkimə müraciət etmək lazımdır. Hər kəsin üzərinə düşən yeganə vəzifə Günəşdən qoruyucu kremdən istifadə olunmasıdır. Həmin kremlərdən istifadə olunması ləkəni müalicə etmir, ancaq ləkənin tündləşməsinin qarşısını alır”, - deyə həkim-kosmetoloq bildirib.

Günəş şüası qəbul edilməsi zamanı günün müəyyən saatına diqqət etmək şərtdir

Həkim-terapevt Yeganə Cəfərovanın sözlərinə görə, bu şüalar dəri xərçəngi və ya dərinin vaxtından əvvəl yaşlanmasına da səbəb olur: “Günəş şüası qəbul etməyin də öz qaydaları var. Belə ki, günəşlənmədən əvvəl günəş şüalarının zərərinə qarşı 2 saatdan bir SPF kremlərindən, günəşlənmə bitdikdən sonra isə nəmləndirici kremlərdən istifadə edilməlidir. Günəş üçün qoruyucu kremlərdən istifadə edərkən üz və bədən üçün fərqli SPF kremlər seçilməlidir. Üz üçün SPF kremlər çeşidli antioksidantlar və dərinin yaşlanmasına qarşı olan xüsusi qatqılardan hazırlanır. Həmin kremlərdən istifadə edərkən üz dərisinin xüsusiyyəti-həssas və ya yağlı cild olması nəzərə alınmalıdır”.

Y.Cəfərova günəş şüalarının qəbul edilməli zamanı da açıqlayıb: “Günəş şüası qəbul edilməsi zamanı günün müəyyən saatına diqqət etmək şərtdir. Məsələn, saat 12:00-15:00 arası günəş şüaları qəbul etmək məsləhət deyil. Çünki bu saatlarda günəş şüaları düz bucaq altında düşür və bu səbəbdən şüalanma dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Lakin saat 12:00-dək və 15:00-dan sonra günəş şüaları atmosferdən yerə yayılır, bu zaman isə ultrabənövşəyi (B və C) şüalar daha az zərərli olmağa başlayır. Buna baxmayaraq, bu saatlarda da günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün SPF kremlərdən istifadə edərək günəşlənmək tövsiyə olunur”.

Ləkə problemlərinin düzgün və müntəzəm dəri baxımı ilə qarşısı alına bilər

Həkim-dermatoloq Mehdi Mahmudinin sözlərinə görə, bəzən ləklər anadangəlmə olur və günəşdən, ətraf mühit faktorlarından asılı olaraq inkişaf edir: “Melanin dəriyə rəng verən piqmentdir. Dərinin müəyyən bölgələrində melanin yığıldıqda ləkələr əmələ gəlir. Dəriyə göstərilən qulluq nəticəsində estetik baxımdan xoşagəlməz ləkə problemlərini aradan qaldırmaq olar.

Melazma adlanan günəş ləkələri daha çox qadınlarda daha tez-tez simmetrik olaraq üzün hər iki tərəfində müşahidə olunur. Günəş vannası zamanı alın, yanaq, burun və dodaqdakı qəhvəyi ləkələrin əsas səbəblərindən biri də qadın hormonu olan estrogendir. Əgər günəşləndikdən sonra dəri soyulmağa başlayırsa, bu düzgün olmayan və keyfiyyətsiz günəş şüalanması təsirindən yaranır. Eyni zamanda, dərinin birinci dərəcəli yanıq travması alması anlamına gəlir. Bu tip yanıqlar bəzən dəriyə su toplayır, bəzən isə dəridə su toplamamaqla təzahür edir”.
Qeyd edək ki, müxtəlif qoruyucu kremlərdən istifadə etdikdə və düzgün saatlarda günəş şüaları qəbul etdikdə günəşlənmə daha düzgün olur və bu zaman yaranan dəri rəngi bir növ Günəşdən qorunma mexanizminə çevrilir. Əgər dəri tamlığını itirib həmin mexanizmdən çıxarsa, orqanizm artıq bu şüalardan zərər görməyə başlayır.
Günəş ləkələrinə daha çox açıq, həssas dərili və genetik meylli olanlarda rast gəlinir. İstifadə olunan kosmetik vasitələr isə bunun daha da artmasına səbəb olur. Dəri Günəşə məruz qalmağa davam etdikcə yeni ləkələr yaranır və bu zaman mövcud ləkələr daha da tündləşir.

 

 

Səhiyyə 2023-07-11 12:06:00