×
A
A
A
Sazlamalar

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

Tərtər, 10 iyul, AZƏRTAC
Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı ilbəil artır. 2023-cü ilin yanvar-iyun aylarında da rayonda ət və süd istehsalında artım qeydə alınıb.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2023-cü il iyul ayının 1-nə rayonda 31 min 957 baş qaramal, 44 min 157 baş qoyun və keçi olub. İribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz və ya 1368 baş çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2052,1 ton ət, 15 min 048,9 ton süd, 88,1 ton yun istehsal edilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4,2 faiz, süd istehsalı 4,8 faiz artıb.
Rayonda heyvandarlıq məhsullarının istehsalında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2023-cü ilin ilk 6 ayında 1685 baş inək və düyə süni yolla mayalandırılıb, 960 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

Kənd təsərrüfatı 2023-07-10 16:31:00