×
A
A
A
Sazlamalar

Piylənmə milyonlarla insanı əhatə edən qlobal epidemiyadır

Bakı, 10 iyul, Aytac Haqverdiyeva, AZƏRTAC
Əgər 20-30 il əvvəl piylənmə problemi sadəcə sağlam həyat tərzi yaşayan ayrı-ayrı adamları, həkim-diyetoloqları narahat edirdisə, artıq bu gün piylənmədən və artıq çəkidən əziyyət çəkənlərin sayının artması sağlamlıq üçün ciddi təhlükələrdən birinə çevrilib. Hətta çox vaxt ürək-damar sistemi və onkoloji xəstəlikləri həmin problemlə əlaqələndirirlər. Doğrudan da piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran qlobal problemlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada artıq çəkidən əziyyət çəkən 1 milyarddan çox insan var və 2035-ci ildə bu rəqəmin 4 milyardı keçəcəyi təxmin edilir.

Piylənmə əlilliyə, hətta erkən ölümə səbəb ola bilir

 

 

AZƏRTAC mütəxəssislərin təhlili əsasında piylənmə probleminin meydanaçıxma səbəbləri, onunla mübarizə yolları istiqamətində araşdırma aparıb. Mövzu ilə bağlı həkim-terapevt Günel Fətəliyeva piylənmənin hazırda sosial statusdan, peşədən, yaşdan və cinsdən asılı olmayaraq milyonlarla insanı əhatə edən qlobal epidemiya olduğunu bildirib: “Həmin xəstəlik dərialtına, orqanlar və toxumalara piy kütləsinin toplanması, bədən çəkisinin artması ilə xarakterizə olunur. Piylənmə bir çox xəstəliklərə tutulma riskini artırır, daha erkən ağırlaşmalara, əlilliyə və hətta erkən ölümə səbəb ola bilir. Əsasən, bununla bağlı müraciət edən xəstələrdə şəkərli diabet, arterial hipertoniya, ürək çatışmazlığı, miokard infarktı, qaraciyər, onurğa-oynaq xəstəlikləri kimi ciddi sağlamlıq problemləri müşahidə olunur. Lakin bilmək lazımdır ki, hər normadan artıq çəki piylənmə demək deyil. Xəstəliyi aşkarlamaq üçün mütəxəssislər müəyyən üsullardan istifadə edirlər”.
G.Fətəliyeva piylənmənin yaranma səbəblərindən danışıb: “Oturaq həyat tərzi, genetik meyllik, qeyri-sağlam qidalanma, psixoloji problemlər, stres, bəzi dərmanların qəbulu piylənmənin yaranma səbəblərinə daxildir. Xəstəliklə bağlı müraciət edən pasiyentlərə dəqiq diaqnozdan sonra müalicənin istiqaməti müəyyən edilir. Davamlı və sağlam pəhriz, fiziki aktivlik müalicənin əsas şərtləridir. Lakin son dövrlər, xüsusilə, gənclər və yeniyetmələr arasında stres, depressiya kimi psixoloji problemlərin artması səbəbindən psixoterapiyaya da ehtiyac yaranıb”.

 

Azərbaycan əhalisinin 20-25 faizi piylənmədən əziyyət çəkir

 

 

 

Həkim-endokrinoloq Elza Əsgərova isə hazırda Azərbaycan əhalisinin 20-25 faizinin piylənmədən əziyyət çəkdiyini deyib: “Bəzən həkim göstərişi ilə iştahakəsici preparatlar istifadə olunur. Lakin bu yalnız müayinələrdən keçdikdən sonra, xəstədə dərmana qarşı əks göstəriş yoxdursa, icazə verilir. Ağır formada olan xəstələrə isə mədəkiçiltmə və ya mədə daxili balonun yerləşdirilməsi kimi cərrahi əməliyyatlar məsləhət görülür. Müalicə zamanı hormonal dəyişiklik müşahidə olunarsa, həmin pasiyentin müalicə metodu dəyişdirilir”.
Endokrinoloq uşaqlarda piylənmənin yaranma səbəbləri haqda danışıb: “Oturaq həyat tərzi, fastfud qidalar, qazlı-şirin içkilərin istehlakı, hormonal problemlər, planşet, telefon və televizora normadan artıq baxmaq uşaqlarda piylənməni yaradan əsas səbəblərdir. Xüsusilə, şəhər və bina evlərində yaşayan, küçəyə çıxmayan uşaqlar piylənməyə daha meylli olurlar. Onlara dərman müalicəsi, əsasən, hormonal problemlər müşahidə edildikdə yazılır. Lakin, ümumiyyətlə, uşaqlarda piylənmə xəstəliyi səbəbindən dərman istifadəsi məqsədəuyğun deyil. Onlar üçün pəhriz və idman müalicənin ilkin üsuludur”.

 

Piylənmənin müalicəsində pəhriz ilə yanaşı, fiziki və psixoterapevtik metodlar da istifadə olunur

 

 

 

Həkim-terapevt Vəfa Hüseynova bədən kütləsi indeksinin (BKİ) hesablama qaydası barədə məlumat verərək bunun xəstəyə piylənmə diaqnozu qoymaq üçün əsas şərt olduğunu qeyd edib: “BKİ bir insanın çəkisinin onun boyunun kvadratına bölməklə əldə edilən ölçüdür, əgər indeks 25 kiloqram/kvadratmetr ilə 30 kiloqram/kvadratmetr arası və daha yuxarı olarsa, bu, piylənmə sayılır. Xəstənin müalicəsi üçün pəhriz terapiya ilə yanaşı fiziki və psixoterapevtik müalicə metodları da təyin edilir. Bundan əlavə, piylənməsi olan pasiyentlərdə qanda qlükozanın miqdarının nəzərə alınması vacibdir. Xüsusilə, onlarda susuzluq, ağızda quruluq şikayətləri varsa, göstərişlərə uyğun olaraq qlükozaya tolerantlıq testi aparılır”.
Qeyd edək ki, ölkəmizdə iki milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu isə əhalinin 20 faizini təşkil edir və kifayət qədər ciddi rəqəmdir.

 

 

 

 

 

Səhiyyə 2023-07-10 12:57:00