×
A
A
A
Sazlamalar

Xaçmaz bağlarından 13 min tona yaxın gilas yığılıb

Xaçmaz, 6 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın gilas bağlarında məhsul yığımının son günləridir. Bu günə kimi bağlardan 12 min 700 ton gilas toplanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazın gilas bağlarından əldə olunan məhsulun böyük hissəsi Rusiyaya ixrac edilib. Xarici bazara göndərilən məhsul növündən asılı olaraq 3-5 manat arasında satılıb.
Bu il iyun ayında qeydə alınan qeyri-sabit hava şəraiti təsərrüfatçılara ciddi ziyan vurub. Xaçmazın gilas bağlarında məhsulun 35-40 faizə qədəri ağacda çürüyərək zay olub. Əsasən gilasın “Napoleon”, “Krım” sortları və ağ gilas çürüməyə məruz qalıb. Məhsulun çürüməsi təsərrüfatçıların gəlirini yarıbayarı azaldıb.
Ötən il gilas bağlarından 20 min 186 ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 100 sentnerə yaxın olub. Xaçmaz rayonunda 3 min 695 hektar gilas bağı var ki, bunun da 2 min 943 hektarı barverəndir.
Xaçmazda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər. Yeni salınan bağlar əsasən intensiv üsulla becərilir.
Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.

 

Kənd təsərrüfatı 2023-07-06 14:46:00