×
A
A
A
Sazlamalar

Cəlilabadlı fermerlər 200 min ton taxıl tədarük etməyi qarşıya hədəf qoyublar

Cəlilabad, 6 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Ölkənin cənub bölgəsində taxıl biçini kampaniyası davam edir. Cəlilabad rayonunda bu günədək taxıl zəmilərinin 60 faizindən çoxunda biçin başa çatıb. Taxıl istehsalçılarının builki hədəfi sahələrdən 200 min ton məhsul tədarük etməkdir.
AZƏRTAC xəbər verir ki, Cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti taxıl biçinini nisbətən ləngitsə də, Cəlilabad taxılçıları hazırda biçin işlərini uğurla davam etdirirlər. Bu il rayon ərazisində 65 min 537 hektar dənli bitkilər əkilib. Bunun 57 min 337 hektarı buğda, 8200 hektarı arpa bitkisidir. Bundan başqa, rayonda 4000 hektar sahədə heyvandarlıqda yem üçün vələmir bitkisi də yetişdirilib.
Bu günədək 8200 hektar arpa, 33 min 400 hektar buğda sahəsinin biçini başa çatıb. Rayonda orta məhsuldarlıq da ürəkaçandır - arpa sahələrindən 25,2 sentner, buğda sahələrindən isə 31,2 sentner məhsul toplanılır.
Hər il əkdiyi taxıl zəmilərindən 50 sentnerdən çox məhsul yığan təsərrüfat sahibi Nuşirəvan Kazımov deyir ki, zəhmət olan yerdə hədəfə də çatmaq olur: “Bu mövsüm rayonumuzun taxıl istehsalını 200 min tona çatdırmalıyıq. Keçmişdə deyərdilər ki, Cəlilabad rayonu ikinci Ukrayna sayılır. Çünki burada əsas əkinimiz kartofçuluq, çiyələk və taxılçılıqdır. Taxıl sahəsinə əkin başlayandan bəri lazımi texniki qulluq olunub, gübrələr verilib. Ona görə də yaxşı məhsul əldə etmişik”.
Fermer Yaşar Kazımov isə əsasən “Atilla” və “Bərəkətli-95” sortlarından istifadə olunduğunu bildirib. “Bu sortlar bərəkətli və çəki verən buğdalardır. Hektardan 50-60 sentner məhsul götürə bilirik. Bizdə taxıl dəmyə bitir. Havaların yağıntılı keçməsi də işimizə yarıdı. Heç suya ehtiyac olmadı. Məhsuldarlıq yüksək səviyyədədir”, - deyə əlavə edib.
Artıq arpa biçini Cəlilabad rayonunda yekunlaşmaq üzrədir. Ümumilikdə isə bu günədək rayonun taxıl zəmilərindən 140 min tona yaxın məhsul tədarük olunub.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirovun sözlərinə görə, rayon üzrə buğda sahələrində orta məhsuldarlıq 30 sentner gözlənilir. Bu da yüksək göstəricidir. Hazırda sahələrdə 117 kombayn işləyir. Ümumilikdə isə 170-dən çox kombayn saz vəziyyətdədir.
Fermerlər taxılın kiloqramının yerində satış qiymətinin 30-32 qəpik olduğunu söyləyirlər. Bazarda isə 35-37 qəpiyə satılır. Onlar qiymətlərin daha sərfəli olmasını arzu edirlər.
Qeyd edək ki, ölkə üzrə 1 058 398,9 hektar taxıl sahəsi əkilib. Bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. Artıq 658339 hektar sahədə biçin başa çatıb, 2,164,746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.
Bu günədək 16 rayonda taxıl sahələrinin 90 faizindən çoxunda biçin başa çatıb.
Respublika üzrə arpa sahələrinin 80 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 faizində biçin aparılıb, 333088 hektar biçilmiş sahədən 1169774 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.

Kənd təsərrüfatı 2023-07-06 10:59:00