×
A
A
A
Sazlamalar

Səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş potensial var

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ənənəvi işgüzar lançı təşkil edib. Lançın xüsusi qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev olub. Görüşdə işgüzar dairələrin və üzv şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Səhiyyə Nazirliyinin palata ilə daimi qarşılıqlı fəaliyyətini və dialoqa hazır olmasını yüksək qiymətləndirib, bildirib ki, Azərbaycanda səmərəli dövlət-özəl tərəfdaşlıq, o cümlədən səhiyyə sektorunda əlverişli biznes mühiti yaradılıb. Vurğulanıb ki, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayında artım müşahidə olunur: “İnanırıq ki, Səhiyyə Nazirliyi ilə qarşılıqlı faydalı əməkdaşlığımız Azərbaycanda biznes mühitini daha da yaxşılaşdıracaq”.
“AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli Azərbaycanda xarici və yerli biznesin maraqlarının dəstəklənməsi və təşviqi istiqamətində palatanın davamlı fəaliyyətini qeyd edib. O, bu sahədə dövlət qurumları ilə aparılan səmərəli dialoqun və uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, son illər Azərbaycan ictimai səhiyyəsində müasir prinsiplərə əsaslanaraq innovativ texnoloji nailiyyətlər və mütərəqqi menecment resursları tətbiq edilməklə genişmiqyaslı islahatlar aparılır: “Uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafı, ikincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili - səhiyyənin rəqəmsallaşması, üçüncüsü, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir”.
Nazir bildirib ki, dövlət xidmətlərində əlçatanlıq prinsiplərinin artırılması, insan amilin gücləndirilməsi, “vətəndaş-məmur” ünsiyyətinin minimuma endirilməsi məqsədilə ölkənin səhiyyə sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə geniş rəqəmsal səhiyyə platformasına keçid reallaşdırılıb.
Nazir milli səhiyyədə müasir düşüncəli və beynəlxalq təcrübəyə malik tibbi kadr potensialının formalaşdırılması, bu sahədə uğurlu mübadilələrinin aparılması, tibb təhsili və elmində inklüziv inkişafa nail olması istiqamətində məqsədyönlü və davamlı layihələrin icra olunduğunu qeyd edib, həmçinin ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Nazir Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlərin görülməsini diqqətə çatdırıb: “Özəl sektorun səhiyyədə iştirak payının artırılması, xidmətin səmərəliliyinin optimallaşdırılması, informasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi və innovativ layihələrin birgə maliyyələşdirilməsi kimi təşviq edilməlidir”.
İşgüzar lanç çərçivəsində Ticarət Palatasının üzvləri təqdimatla çıxış ediblər.
Görüşdə fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhiyyə 2023-07-05 16:38:00