×
A
A
A
Sazlamalar

Ağdamda heyvandarlıq məhsulları istehsalı artıb

Ağdam, 5 iyul, AZƏRTAC
Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2023-cü ilin yanvar-iyun aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Ağdam Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iyulun 1-dək rayonda iribuynuzlu mal-qaranın sayı 46 min 699 baş, qoyun və keçilərin sayı 101 min 470 baş olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 4 faiz, qoyun və keçilər 1,2 faiz artıb. 2023-cü ilin yanvar-iyun aylarında 22 min 458,1 ton süd, 2548,9 ton ət, 207,2 ton yun istehsal edilib. Keçən illə müqayisədə süd istehsalı 4,1 faiz, ət istehsalı 5 faiz, yun istehsalı 1,9 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2023-cü ilin 6 ayında 2726 baş inək və düyə süni mayalandırılıb, 1536 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Kənd təsərrüfatı 2023-07-05 14:36:00