×
A
A
A
Sazlamalar

“CanSat Azerbaijan 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Bakıda Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “CanSat Azərbaycan 2023” müsabiqəsinin qalibləri elan olunub.
AZƏRTAC xəbər verir ki, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov sayca 5-ci “CanSat Azetbaijan 2023” yarışmasının əsas məqsədlərindən birinin gənclərin kosmik sahəyə marağının artırılması, layihə çərçivəsində bu sektorda yerli kadrların yetişməsinə şəraitin yaradılması olduğunu deyib. Müsabiqədə bu dəfə rekord sayda - 700-ə yaxın tələbə iştirak edib. Yarışda iştirak edən tələbələrdən 8-nin "Azərkosmos"un əməkdaşı olduğu bildirilib.
Qeyd olunub ki, Ulu Öndər Azərbaycanda kosmik sahəsinin inkişafına xüsusi diqqət yetirib. Xatırlanıb ki, 1973-cü il oktyabrın 7-dən 13-dək Bakıda dünyanın 17 ölkəsindən gəlmiş nümayəndələrin, eləcə də təyyarəçi-kosmonavtların iştirakı ilə Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresi keçirilib. Bu nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyildi. “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu.
Ümumilikdə 10 komandanın iştirak etdiyi müsabiqənin qaliblərini qurumun İdarə Heyətinin sədri Saməddin Əsədov mükafatlandırıb.
Müsabiqədə birinci yerə ADA Universitetinin “CanStellar”, ikinci yerə Xəzər Universitetinin “KhazarSAT”, üçüncü yerə isə Milli Aviasiya Akademiyasının “BadCube” komandaları layiq görülüb. İlk üç yerin qaliblərinə “Azərkosmos” tərəfindən pul mükafatları təqdim olunub.

İKT 2023-07-05 12:18:00