×
A
A
A
Sazlamalar

Zəlzələdən sonra uşaqlarda psixiki problemlər müşahidə oluna bilər

Bakı, 4 iyul, AZƏRTAC

Təbii fəlakətlər, eləcə də zəlzələ zamanı uşaqlarda təşviş, həyəcan, travma sonrası stres pozuntusu, depressiya kimi psixiatrik xəstəliklər yaşana bilər. Bu baxımdan valideynlər diqqətli olmalı, mümkün qədər uşaqlarda təşviş yaratmamalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Çilənay Xəlilova deyib. Onun sözlərinə görə, bu zaman uşaqlarda yarana biləcək travmalar gündəlik həyatdakı stresdən çox fərqlidir. Bu travmalar gözlənilmədən baş verdiyinə görə, uşaqlar daha çox əziyyət çəkirlər: “Belə ki, xəstəlik özünü əhval-ruhiyyənin enməsi, kefsizlik, yuxu pozuntusu, iştahada dəyişiklik, əzizlərini itirmək qorxusu ilə özünü göstərir. Azyaşlı uşaqlarda valideynlərindən ayrı yatmaq, evdə tək qalmaq, heç yerə getmək istəməmə, qaranlıq mühitlərdən qaçma kimi qorxular baş qaldırır”.
Ç.Xəlilova zəlzələ qorxusundan (seymofobiya) uşaqlarda narahatlıq, daimi sayıqlıq, baş gicəllənməsi, titrəmə, ürək döyüntüsü, tərləmə kimi əlamətlərin də müşahidə edildiyini nəzərə çatdırıb: “Təbii ki, bu əlamətlər müxtəlif yaş qruplarında olan uşaqlarda müxtəlif şəkildə büruzə verir. 6 yaşından kiçik uşaqlar ölüm anlayışını tam dərk etmədikləri üçün hadisənin fərqində olmurlar. Bəzi uşaqlar zəlzələ zamanı şok vəziyyətində olub donub qalır, hisslərini basdırır, bəziləri isə ağlayıb, qışqıraraq reaksiya verirlər. 6 yaşından böyük uşaqlarda travma sonrası (posttravmatik) stres pozuntusu daha çox rast gəlinir. Yaşadığı evin dağılması, valideynini itirmək, oxuduğu məktəbin artıq olmaması ciddi şəkildə depressiyaya gətirib çıxara bilər.
Ümumiyyətlə, məktəbəqədər yaş qrupunda olan uşaqlardan fərqli olaraq məktəbyaşlı uşaqlar hadisələri dərk etmək yetkinliyinə sahibdir. Onlarda, həmçinin məktəb və dostlarından ayrılmaq qorxusu çox güclü ola bilər”.
Həkim-psixiatr bu məqamda ailənin verdiyi reaksiyanın böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb: “Valideynlər övladına zəlzələnin təbii fəlakət olduğunu və bu zaman nələr etməli olduğunu açıq-aydın şəkildə izah etməlidir. Fəlakətin xoşagəlməz nəticələrindən bəhs edən televiziya verilişlərindən uşaqları uzaq tutmaq məqsədəuyğundur. Uşaqlar valideynlərinin danışığına və davranışlarına qulaq asmadıqları kimi görünsələr də, əslində bütün hadisələri təfərrüatlı şəkildə içlərində saxlayırlar”.
Mütəxəssis uşaqlarda yuxarıda sadalanan halların uzun müddət davam etdiyi təqdirdə həkim-psixiatra müraciət etməyi tövsiyə edib.

Səhiyyə 2023-07-04 12:54:00