×
A
A
A
Sazlamalar

Saməddin Əsədov: “CanSat” layihəsinin məqsədi kosmik sahədə yerli kadrların yetişməsinə şərait yaratmaqdır

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Kosmik Agentliyi artıq ardıcıl olaraq 5-ci dəfədir ki, “CanSat Azərbaycan” layihəsini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin rəhbəri Saməddin Əsədov deyib.
O bildirib ki, bu layihənin məqsədi ölkədə gənclərin, tələbələrin kosmik sahəyə olan maraqlarının artırılması, layihə çərçivəsində bu sektorda yerli kadrların yetişməsinə şərait yaratmaqdır. Bu il artıq 5-ci “CanSat” yarışması keçirilir və budəfəki yarışma Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. Bu dəfə rekord sayda iştirakçı qeydə alınıb.
Saməddin Əsədov əlavə edib ki, müxtəlif mərhələləri keçən komandalardan finala ən güclü 8 komanda qalıb. Yeddi universitetdən ibarət 8 komanda çəkisi 500 qrama qədər olan kiçik peyklər hazırlayıblar.
“Onların qarşısına missiya tələbi qoymuşuq. Həmin peykləri raketlə 200 metr hündürlüyə qaldırırıq. Peyk raketdən şəkillər çəkib yerdə olan qəbulediciyə ötürməlidir. Missiyanı uğurla yerinə yetirən komanda qalib olacaq”, - deyə Agentliyin rəhbəri vurğulayıb.
O qeyd edib ki, bu gün Azərkosmada işləyən gənc əməkdaşların bir qismi əvvəllər bu layihələrdə uğurla iştirak etmiş əməkdaşlar olublar.

İKT 2023-07-04 12:15:00