×
A
A
A
Sazlamalar

Model peyk müsabiqəsinin final mərhələsi baş tutub

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4–də Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos tərəfindən təşkil olunan, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “CanSat Azərbaycan 2023” müsabiqəsinin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tələbələr arasında keçirilən model peyk müsabiqəsinin finalı Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən hərbi hissəsinin açıq poliqonunda baş tutub.
Ümumilikdə ölkə üzrə 20-yə yaxın universitetdən 700-dən çox tələbənin yolu bu müsabiqədən keçib. Bu il keçirilən sayca 5-ci CanSat müsabiqəsi üzrə ümumilikdə 14 universitetdən 42 komanda müraciət edib. Reallaşdırma, Layihələndirmə, Uçuş öncəsi yoxlamalar və nəhayət Final uçuş mərhələsi uğurla keçirilib.
Komandalar əsasən elektronika, mexanika, proqramlaşdırma üzrə bilik və bacarıqlara malik bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir. İştirakçıları ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin, UFAZ – Fransız-Azərbaycan Universitetinin, Bakı Ali Neft Məktəbinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələridir.
Final – uçuş mərhələsi zamanı finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib 200 metr yüksəklikdən modelləri səmaya buraxıblar. Günün sonuna qədər münsiflər heyəti tərəfindən müsabiqənin qiymətləndirmə meyarlarına uyğun olaraq qaliblər seçilib.
Qaliblərin adları iyulun 5-də açıqlanacaq və komandalar mükafatlarla təltif ediləcək.
Qeyd edək ki, müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər. Qaliblərə (ilk 3 yer) pul mükafatları təqdim olunacaq. Həmçinin müsabiqədə uğurla çıxış edən tələbələr Azərkosmosda təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı qazanacaqlar.

İKT 2023-07-04 11:56:00