×
A
A
A
Sazlamalar

Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına gətirilən qazi oğlunun müalicəsi uğurla yekunlaşıb

Bakı, 3 iyul, AZƏRTAC
Qazi oğlu, Biləsuvar rayon Ağalı kənd sakini, 2022-ci il təvəllüdlü Hüseynov Tahir Emin oğlu iyunun 10-da uzun müddətdir səbəbi bəlli olmayan bədən hərarətinin yüksək olması, dərisinin solğun, Hb göstəricisinin (5.2) aşağı, qarın həcminin böyük, qaraciyər və dalağın 6 santimetr ölçüdə böyük olması şikayətləri ilə TƏBİB-in tabeliyində olan Respublika Uşaq Klinik Xəstəxanasına gətirilib və ağır vəziyyətdə Reanimasiya şöbəsinə qəbul olunub.
Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, aparılmış müayinələr nəticəsində xəstədə “Leyşmaniya” paraziti aşkar olunub. Respublika Uşaq Klinik Xəstəxananın Reanimasiya şöbəsində müayinə və müalicə olunan xəstənin bədən hərarəti normallaşandan sonra o, birinci uşaq şöbəsinə köçürülüb, iyunun 24-də isə kliniki yaxşılaşma ilə evə buraxılıb.
Qazi Hüseynov Emin Tahir oğlu oğluna göstərilən diqqət və qayğıya görə xəstəxanasının rəhbərliyinə, uşağının müalicəsində iştirak edən həkimlərə və digər tibbi personala öz dərin minnətdarlığını bildirib.
Qazi Emin Hüseynov 1979-cu ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Laçın və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Səhiyyə 2023-07-03 18:33:00