×
A
A
A
Sazlamalar

İnsan sağlamlığının dərmanı, tibb və parfümeriyanın əsas vasitəsi - Lavanda sahəsindən reportaj VİDEO

Zaqatala, 2 iyul, AZƏRTAC

Kol bitkisi olan lavandanın tərkibində 15 növ efir yağı var və orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır.
AZƏRTAC xəbər verir ki, lavanda çöl bitkisi olduğu üçün suya tələbatı da azdır. Bir dəfə əkiləndə, 20 il məhsulundan bəhrələnmək mümkündür. Tərkibində efir yağı çox olduğuna görə, dünyada ticarəti hər il artır. Yağı parfümeriya və dərman preparatları istehsalında geniş istifadə olunur. Ölkəmizə gəldikdə, bu bitkinin ilk plantasiyaları altı il əvvəl Zaqatalada salınıb. Daha sonra Qəbələ və Şəkidə geniş sahələrdə əkilib.

İqlim dəyişikliyi və quraqlığın artması su tələb etməyən bitkilərin becərilməsini ön plana çıxarır. Bu mənada son illər lavanda əkini günəbaxan, qarğıdalı, soya və digər bitkiləri ikinci plana keçirib.
Bu il isə tamam fərqli bir iqlim yaşanır. Qeyri-sabit hava şəraiti bu günlərdə də davam etdiyindən lavanda yığımı da gecikirdi. Bu səbəbdən Zaqatalada lavanda yığan briqadalar təsərrüfatda başqa işlərə cəlb edilmişdilər. Bir neçə günlük yağıntılar nəhayət ki, günəşli hava ilə əvəzləndi və yüzlərlə insan göz oxşayan lavanda sahələrinə çıxdılar.

Biz lavanda sahəsinə çatanda işçilər yenicə bir araya gəlmiş və kimin briqadası hansı istiqamətdə işləyəcəyi müəyyənləşmişdi. Artıq hər kəs öz cərgəsində işə başlamışdı.
Burada mehriban ortam var. Hamı bir-biri ilə maraqlı söhbət edir, qayğılarını dilə gətirir. Əsasən qadınların çalışdığı lavanda sahəsində yığım bir an geçikmədən davam edir.
Qadınlar deyirlər ki, onlar gül yığımı başa çatandan bir müddət sonra lavanda sahələrinə cəlb edilir, aqrotexniki becərmələr, kultivasiya işləri həyata keçirirlər. Bir sözlə, onlara daim iş var.

Diqqətimizi çəkən bir məsələ də yığılan lavanda çiçəklərinin kolların üzərinə qoyulmasıdır. İş o qədər ardıcıl və planlı həyata keçirilir ki, məhsulun keyfiyyətinə zərrə qədər də xələl gəlmir.
Təsərrüfatın baş aqronomu Abdulla Qurbanovla söhbətdən bəlli oldu ki, hazırda Zaqatalada 33 hektar lavanda sahəsi var. Bu, ölkənin ən iri təsərrüfatlarından biridir. Yazın ilk günlərindən sahələrdə aqrotexniki qulluq başlanır. Baş aqronom onu da diqqətimizə çatdırır ki, Zaqatalada lavanda sahələrində iki dəfə məhsul yığılır. Bu da torpağın münbitliyi və bərəkətliliyindən irəli gəlir.

Fürsətdən istifadə edib, təsərrüfatın emal sahəsi ilə də tanış oluruq. Texnoloq Təbrik Allahverdiyev məlumat verdi ki, sahələrdən yığılan lavanda çiçəkləri dərhal buradakı iki böyük qazana yığılır və qaynadılmağa, buxarından yağ alınmağa başlanılır.
Lavandanın faydasına gəldikdə, bunu təsərrüfatın istehsal sahəsindəki prosesləri izləməklə də müşahidə etmək mümkündür. Araşdırmalar göstərir ki, adi lavanda növündən alınan efir yağından tibdə, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunması böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sağlamlıq üçün lavandanın böyük əhəmiyyəti var. Bitkidən alınan efir yağları tibdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Lavanda yağının ekzema, yanıq, sədəf kimi dəri xəstəliklərində istifadəsi faydalıdır. Bundan başqa, qaraciyərə çox faydalıdır. Qaraciyərin nizamlı işini təmin edir. Hepatit B və C viruslarının müalicəsində, qaraciyərin toksinlərdən təmizlənməsində də geniş istifadə olunur. Lavandanın efir yağı böyük bakterisid əhəmiyyətə malikdir. Qoxusu ilə insana dinclik və rahatlıq verən lavanda çayı və yağı olduqca faydalıdır.

Kənd təsərrüfatı 2023-07-02 14:30:00

Video