×
A
A
A
Sazlamalar

Həkim-narkoloq: Əksər hallarda narkotik vasitələrin istifadəsinə yeniyetməlik dövrlərindən başlanılır

Bakı, 25 iyun, AZƏRTAC

Narkomaniya narkotik vasitələrin bir və ya bir neçə il istifadəsi nəticəsində yaranmış asılılıqlar və onların ortaya çıxardığı fəsadları əhatə edir. Narkotik vasitələr qəbul zamanı insan beynində, psixikasında dəyişikliklər yaradan maddələrdir. Narkomaniyanın ortaya çıxmasında bir neçə faktor əsas hesab olunur. Bunlardan birincisi həmin maddələrin asılılıq yaratmaq qabiliyyətidir. Çünki qəbul olunan narkotik vasitələr beynin neyroendokrin sistemini dəyişir və həmin dəyişikliklər asılılıq ortaya çıxarır. İnsan beynində olan həmin dəyişikliklər narkotik vasitələrin qəbulunu məcbur hala gətirib çıxara bilir. Çünki qəbul olunmayan dövrlərdə abstinensiya deyilən bir sindrom müşahidə olunur. Xüsusilə də heroin qəbul edənlərdə bu zaman ağrılar yaranır. Oynaqlarda, bədənin bütün nahiyələrində kəskin ağrılar olur. Digər klinik sindromların da qeydə alınmasına baxmayaraq, xəstəni ən çox ağrı sindromu narahat edir. Həmin ağrı sindromu dayanılmaz bir həddə gəlib çatır. Bu zaman xəstə tibb müəssisəsinə müraciət etməyə məcbur olur. Həmin xəstəlik üçün tolerantlıq anlayışı da çox xarakterikdir. Çünki qəbul edilən vasitənin miqdarı zaman içərisində artmağa başlayır. Yəni, zaman keçdikcə şəxs daha çox narkotik vasitə qəbul etməlidir ki, həmin şikayətləri aradan qaldırsın. Bu simptomlar narkotikdən asılılıq xəstəliyini izah edir.
Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı AZƏRTAC-ın suallarını cavablandıraraq deyib.
R.Kərimli bildirib ki, son rəqəmlər Azərbaycanda narkotik vasitə istifadəçilərinin sayının 35 mini keçdiyini göstərir. Həmin rəqəmlər müalicə üçün tibb müəssisələrinə müraciət edənlər və hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmış halları ifadə edir. Narkotik vasitə istifadəçilərinin yaş qrupuna gəlincə, əksər hallarda erkən yaşlardan - yeniyetməlik dövründən istifadəsinə başlanılır. Əksər hallarda 17-18 yaşdan - 35 yaşa qədər olan dövrü əhatə edir. Müalicəyə ən çox orta yaş qrupunda olan xəstələr müraciət edirlər.
Qeyd olunub ki, ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanları tərəfindən geniş mübarizə tədbirləri həyata keçirilir. Tibbi tərəfdən mübarizəyə gəlincə isə Respublika Narkoloji Mərkəzi, klinik və dispanserlər xəstələrin qəbulu, onlara müalicə tədbirlərinin həyata keçirilməsində müstəsna rol oynayır. Burada ən böyük stasionar müalicəni Respublika Narkoloji Mərkəzi təmin edir. Ən böyük stasionar müalicə və digər müayinə metodlarının həyata keçirildiyi bu mərkəzdə eyni anda 200 nəfər müalicə ala bilər.
Həkim-narkoloq xəstəliyin müalicəsi haqqında məlumat verərək deyib: "Xəstələr stasionara daxil olarkən erkən detoks prosesi həyata keçirilir. İlkin detoks müalicəsi mütləq aparılmalı, orqanizm yad maddələrdən və onların parçalanması zamanı yaranan məhsullardan tamamilə təmizlənməlidir. Bundan sonra xəstə psixoloji və sosial yardım almalıdır. Ümumi stabilləşmə fonunda psixoloji tərəfdən müdaxilələr başlayır. Şikayətlər aradan qalxdıqdan sonra xəstənin psixoloji olaraq yardım almasında fayda var. Bunu dünya praktikası da təsdiqləyir. Psixoloji müalicənin xəstəliyin remissiya dövrünün uzadılmasında və xəstəliyin yenidən ortaya çıxmasının qarşısının alınmasında xüsusi rolu qeyd edilir. Xəstə sosioloqlar tərəfindən aparılan sosioloji bərpa prosesini də keçməlidir. Erkən detoks fazası 8 gündən 15 günə qədər davam edə bilər, digər proseslərin daha uzun müddət aparılmasında fayda var. Müalicədən sonra tam sağalma anlayışı demək olar ki, yoxdur. Çünki bu, bir xroniki xəstəlikdir. Xroniki xəstəliklərdə sağalma anlayışı işlədilmir. Sadəcə, narkotik vasitənin qəbul olunan və qəbul olunmayan dövrləri olaraq ayıra bilərik. Qəbul olunmayan dövrləri nə qədər uzunmüddətli olarsa, bu, bizdə o qədər ümidverici hal yaradır ki, xəstə yenidən istifadəyə qayıtmasın. Yenə də sağalma anlayışını istifadə etmək düzgün olmazdı. Ümumiyyətlə, narkotik vasitə istifadə olunmayan dövrlərdə xəstələrin sosial, psixoloji cəhətdən nə qədər bərpa olması çox önəmlidir".
Mütəxəssis bildirib ki, narkotik vasitə istifadəsinə başlanma dövrləri daha çox yeniyetməlik dövrlərinə təsadüf etdiyindən onlara narkotik vasitələrin zərərli olduğunu aşılamaq, həmin yaş qrupundan olan uşaqları, ətrafında olanları, getdiyi yerləri diqqətdə saxlamaq lazımdır. Burada məktəb psixoloqlarının üzərinə də böyük yük düşür. Çünki yeniyetməlik dövründən başlayan dəyişiklikləri izləməli mütəmadi olaraq onlarla kontaktda olmalı, gözəçarpan hər hansı bir problem aşkarlanarsa, mütəxəssislərə yönləndirilməlidir. Yeniyetmələr həmin dövrlərdə təhsilə, idmana nə qədər çox vaxt ayırsalar, bir o qədər də belə zərərli vərdişlərdən uzaq dura bilərlər. Təəssüf ki, yeniyetməlik dövründə uşaqlar bir çox problemlərin həllini zərərli vərdişlərdə, xüsusilə də narkotik vasitələrdə görürlər. Xüsusilə depressiv vəziyyətlərdən çıxmaq üçün narkotik vasitə istifadəsinə başlanılır. Bu zaman həmin problemləri aşkarlamaq və onları daha düzgün tibbi tədbirlər çərçivəsində nizamlamaq daha məqsədəuyğundur. Valideynlər övladları ilə münasibətləri düzgün qurmalıdırlar. Onlarda hər hansı bir problem olarsa, mental dəyərlərdən daha çox tibbi tədbirlərə üstünlük versələr, nəticə daha effektiv olar. Onlar özləri də zərərli vərdişlərin fəsadları barədə kifayət qədər məlumatlı olmalı, övladları ilə bu barədə söhbət aparmalıdırlar. Ümumiyyətlə, profilaktik tədbirlər geniş vüsət almalıdır".

Səhiyyə 2023-06-25 14:15:00