×
A
A
A
Sazlamalar

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yenidənqurma işləri aparılıb

Bakı, 25 iyun, AZƏRTAC

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada yeni yaradılan Nevrologiya və Terapiya şöbəsinin, Uşaq Xəstəxanasında Təcili yardım və Poliklinika şöbələrinin açılışı olub. Açılışda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, açılış zamanı Zaur Əliyev bildirib ki, səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması agentliyin əsas hədəflərindəndir. Təsadüfi deyil ki, açılışına qatıldığımız bu şöbələr də agentliyin dəstəyi ilə yaradılıb. Düzgün diaqnozların təyini üçün əldə edilmiş Kompüter Tomoqrafiya və Maqnit Rezonans Tomoqrafiya avadanlıqları ilə təminat tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artacağının göstəricisidir. Xidmətlər zərfi ilə sinir sistemi xəstəliklərinin diaqnostika və müalicəsi təminata alınıb. Misal olaraq, kəskin və xroniki beyin qan dövranı problemləri, arterial hipertoniya və başqa xəstəliklərin müalicəsi qarşılanır”.
Vüqar Qurbanovun sözlərinə görə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yeni imkanları əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradacaq: “Vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin edilməsi naminə daimi işlər görülür. Yeni yaradılan Nevrologiya şöbəsinin müasir tibbi avadanlıqlarla təmin edilməsi, təcrübəli nevroloqların fəaliyyətə başlaması bu yolda atılan addımlardandır. Xəstəxanada bu imkanların yaradılması Gəncə sakinlərinin uzaq məsafə qət etmədən, zamanına qənaət edərək tibbi xidmət almasına gətirib çıxaracaq”.
Gəncə ŞBX-nın direktoru İlkin İsmayılov tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqindən sonra görülən işlər barədə məlumat verərək bildirib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində bir sıra xəstəxanalar var, əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün xəstəxanalarda yeni şöbələr yaradılıb. Nevrologiya və Terapiya şöbələrinin hər biri 100 çarpayılıq, yenidən qurulan Cərrahiyyə şöbəsi 70, Reanimasiya şöbəsi isə 10 çarpayılıqdı”.
İlkin İsmayılov bildirib ki, sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub. Tibb müəssisəsinə gün ərzində ortalama 3 min vətəndaş müraciət edir, onlara göstərilən xidmət sayı isə 9 min-12 min aralığında dəyişir: “Ötən il ərzində 275 mindən çox pasiyentə 2 milyon 500 mindən çox xidmət göstərilib ki, bunların 2 milyon 117 min 377-si ambulator, 392 min 283-ü isə stasionar xidmətlərdir. Cari ilin ilk 6 ayı üzrə isə 178 mindən çox pasiyentə 1 milyon 400 mindən çox tibbi xidmət göstərilib. Ən çox icra olunan əməliyyatlar uroloji, ginekoloji və oftalmoloji əməliyyatlardır. 2022-2023-cü illər ərzində 22 mindən çox cərrahi əməliyyat icra olunub”.

Səhiyyə 2023-06-25 12:17:00