×
A
A
A
Sazlamalar

Araşdırma: Uşaqların valideynlərlə müsbət münasibətlərinin qurulması onların gələcəkləri üçün faydalıdır

Bakı, 24 iyun, AZƏRTAC

Aparılan yeni bir araşdırmaya görə, uşaqlıq və yeniyetməlik illərində valideynlərlə müsbət münasibətlərin qorunması yetkinlik dövründə ümumi sağlamlıq və düzgün psixologiyanın formalaşmasına kömək edir.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, araşdırma 14 il ərzində 12-17 yaş arası təxminən 15 min 700 yeniyetmə arasında aparılıb. Valideynin övladları ilə ünsiyyəti, məmnunluq, ana və ata arasında sevginin övlada hiss etdirilməsi, birlikdə keçirilən asudə vaxtın uşaqların gələcəyində yaratdığı müxtəlif faydaları aşkarlanıb.
Filadelfiya Uşaq Xəstəxanasının həkimi Kerol Ford yeniyetmələrlə valideynləri arasında güclü münasibətlərin yetkinlik dövründə onlara sağlamlıq, rifah və uğur gətirdiyini deyib: "Valideyn və yeniyetmə münasibətlərini gücləndirmək səyləri onların sağlamlığı və psixologiyasına əhəmiyyətli faydalar verə bilər".
Tədqiqatın nəticəsində ailə münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən uşaqların 20 və 30 yaşlarında ümumi sağlamlıqlarının daha yaxşı olduğu vurğulanıb. Onların gələcəkləri ilə bağlı daha optimist və daha sağlam romantik münasibətlərə malik olduqları müəyyən edilib. Eyni zamanda, həmin gənclər daha az stres və depressiya yaşayır, narkotik vasitələr, spirtli içkilər kimi pis vərdişlərdən uzaq olurlar.
K.Ford qeyd edib ki, uşaqların valideynləri arasında olan münasibətlər də onlarda gələcək haqqında təsəvvürlər yaradır və gördükləri rəftarı öz çevrələrində tətbiq edirlər. Tədqiqatın aparılmasında məqsəd valideynlər ilə əlaqələrin xüsusiyyətlərini müəyyənləşdirmək, aydın şəkildə müqayisə etmək və nəticələr uyğun tövsiyələr verməkdir.

Səhiyyə 2023-06-24 14:00:00