×
A
A
A
Sazlamalar

Zaur Əliyev Gəncədə vətəndaşları qəbul edib

Bakı, 24 iyun, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasında Gəncə, Samux və Kəlbəcər sakinlərini qəbul edib.
AZƏRTAC agentliyə istinadla bildirir ki, görüşdən əvvəl Zaur Əliyev Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramovanın, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Gəncə şəhər, Samux və Kəlbəcər rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 40 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, cərrahi əməliyyatlar, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı, əlillik məsələləri, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qəbul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

 

 

 

Səhiyyə 2023-06-24 10:42:00