×
A
A
A
Sazlamalar

Görmə qabiliyyəti məhdud olan şəxslərin barmaqlarında reseptorlar güclü olur

Bakı, 23 iyun, AZƏRTAC

Görmə qabiliyyəti məhdud olan şəxslərin barmaqlarının balınclarında reseptorlar güclü olur. Xəstənin ağrı yerinin nöqtəsini həmin reseptorlar vasitəsilə daha dəqiq müəyyən etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 6 nömrəli şəhər poliklinikasında çalışan 1-ci qrup görmə qabiliyyəti məhdud olan masaj üzrə tibb bacısı Firuzə Cəfərova deyib.
Neftçala rayonunda anadan olan F.Cəfərova orta təhsilinə həmin rayonunda başlayıb. Daha sonra təhsilini Bakı şəhərində yerləşən gözdən əlil uşaqlar üçün olan Respublika İnternat Orta Məktəbində davam etdirib. Həmin vaxtlarda o, müalicəvi masaj üzrə təhsil alıb.
F.Cəfərova 1-ci qrup görmə qabiliyyəti məhdud olan şəxsdir. O, 1992-ci ildən 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində fəaliyyət göstərir. Tibb bacısı fəaliyyət göstərdiyi 30 il ərzində həmişə doğma kollektivdən hörmət gördüyünü, həmkarlarının ona qarşı xüsusi həssaslıqla yanaşdığını deyib: “Artıq 30 ildən çoxdur ki, bu poliklinikada işləyirəm. İndiyədək 7 baş həkim dəyişib, hər birindən də özümə və həmkarlarıma qarşı diqqət və qayğı görmüşəm. Məndən başqa bu poliklinikada 6 nəfər də görmə qabiliyyəti məhdud olan şəxslər işləyir. Onlardan bir neçəsi işə yeni qəbul olunub. Nəinki müəssisə rəhbərinin, şöbə müdirlərinin, digər həkim heyətinin də münasibətindən razıyıq. Əməkhaqqımız da qənaətbəxşdir. Bilirik ki, rəhbərlik tərəfindən sosial vəziyyətimizin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu 30 il ərzində pasiyentlərlə bağlı da çox yaddaqalan xatirələrim olub”.
Masaj üzrə tibb bacısı görmə qabiliyyəti məhdud olan şəxslərin barmaqlarının balınclarında reseptorların çox güclü olduğunu deyib: “Bizim əlimizdə müsbət biotoplar çoxdur. Biz xəstənin ağrı yerinin nöqtəsini bu reseptorlar vasitəsilə daha dəqiq müəyyən edə bilirik. Bu səbəbdən bizə ən çox osteoxondroz, kifoz, lordoz, skolioz, artroz, artrid, insult keçirən, qan dövranı pozulan şəxslər, şəkər xəstələri müraciət edir. Masaj müalicəsi ilə onların daha tez sağalmasına nail olmaq mümkündür”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyi fiziki məhdudiyyətli, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin işlə təminatı məsələlərinə xüsusi həssaslıqla yanaşır, onların işə qəbulla bağlı müraciətləri dəyərləndirilir və onlara əmək qabiliyyətlərinə uyğun iş təklifləri edilir.
Qeyd edilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 6 nömrəli Şəhər Poliklinikasında 5 nəfər 1-ci qrup, 2 nəfər isə 2-ci qrup görmə qabiliyyəti məhdud olan şəxslər əmək fəaliyyəti ilə məşğuldur. Onlardan 6 nəfəri masaj üzrə tibb bacısı və tibb qardaşı vəzifələrində, 1 nəfəri isə müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifələrində işləyir.

Səhiyyə 2023-06-23 19:22:00