×
A
A
A
Sazlamalar

Çox selfi çəkmək psixoloji pozuntu kimi dəyərləndirilir

Bakı, 23 iyun, AZƏRTAC

“Selfie” sözünü öz şəklini çəkmək kimi izah etmək olar. İnsan öz şəklini çəkərkən heç bir psixoloji patologiya nümayiş etdirmir. Lakin bununla belə hər bir marağın müəyyən dərəcəsi, necə deyərlər, əndazəsi var.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Adət və meyil pozuntularına aid olan selfidən asılılıq xəstəlik kimi qəbul edilə bilər. Buraya daim selfi etmək istəyi, hər gün, hər yeni məkanda şəkillərin nümayişinə cəhd, şəklin alınmaması zamanı ümumi narahatlıq yaşanması aid edilir. Şelfi həvəskarı ilkin gərginlik dövrü, sonra isə həmin hərəkət prosesində və ondan bir müddət sonra yüngülləşmə hiss edir. Bir müddətdən sonra selfi meyilli şəxs tərəfindən müəyyən problemlər müşahidə oluna bilər. Lakin getdikcə şəkil çəkmək meyil pozuntusuna çevrildiyindən həmin vərdişin dayandırılması cəhdləri uğursuzluqla sona çatır. Selfimaniyanı bir növ narkomaniya ilə də müqayisə etmək olar: hər gün şəkil sayını artırmaq istəyi baş qaldırır”.
Psixoloqun dediyinə görə, ən böyük problem gözəl şəkilləri çəkmək üçün riskə gedən şəxs sayılır: “Şəkil çəkmək ehtirası o qədər pik nöqtəyə çatır ki, onun qarşısını almaq olmur. Alimlərin bir qrupu həmin sindromu narsizm sayır, başqa bir qrup bunu meyil və adət pozuntularına aid edir. Lakin maraqlıdır ki, onlar adi şəklə yox, selfiyə üstünlük verirlər. Narsizm mərhələsini hər kəs keçdiyi inkişaf dövründə adladığı kimi, instinktlər bazasında da özünü qoruma hissinin bir hissəsi ilə rastlaşmaq mümkündür. Lakin həmin instinktin bizi qorumağa yox, dağıtmağa yönəlməsinin cavabını yalnız psixoanaliz verə bilər”.
Mütəxəssislərin fikrincə, gün ərzində 5 selfi çəkib sosial şəbəkədə nümayişi artıq “həyəcan siqnalı” çalınması üçün əsas verir. Həmin vərdişdən xilas olmaq digər psixi pozuntular kimi kompleks yanaşma tələb edir. Ondan uzaqlaşmaq üçün həm tibbi, həm də psixoterapiyanın digər növlərindən - psixoanaliz və rasional psixoterapiyadan istifadə edilə bilər. Ən əsası isə həyat tərzinin dəyişməsi, yaşam tərzinə yeni rəng və çalarlar qatmaq, daha maraqlı və cəlbedici əyləncələr tapmaqla həmin vərdişdən uzaqlaşmaq mümkündür.

Səhiyyə 2023-06-23 18:07:00