×
A
A
A
Sazlamalar

Dərmanların qəbul qaydaları

Bakı, 22 iyun, AZƏRTAC

Dərman qəbul edərkən yeyilən, içilən qida və mayelər, onların orqanizm tərəfindən mənimsənilməsinə, daha dəqiq desək, effektivliyinə təsir edir. Mütəxəssislər tövsiyə edirlər ki, preparat qəbulu zamanı qidalara diqqət yetirmək lazımdır.
AZƏRTAC xəbər verir ki, həkim-uroloq Bəhruz Xalıqov deyib: “Xüsusən konsentrant içkilərin - çayın tərkibində tanin, qəhvənin tərkibində kofein maddəsi çoxdur. Həmin maddələr mədə-bağırsaq sistemində olan sorucu sahənin səthini azaldır və mənimsənmə sahəsi azaldığı üçün dərman preparatlarının biomənimsənilməsi də azalmış olur”.
Onun dediyinə görə, alkoqollu içkilər, ayran, qatıq, gavalı, bəzi yaşıl yarpaqlılar, duzla fermentlənmiş qidalar, köhnə pendirlər də dərmanların təsirini azaldır, hətta bəzən effektsiz hala salır. Bununla yanaşı dərmanların mütləq göstərişində qeyd edildiyi kimi, onlar yeməkdən əvvəl, sonra və yeməkarasında içilməlidir: “Yemək zamanı istər-istəməz mədə-bağırsaq traktında bir çox fermentlər aktivləşməyə, mədə-bağırsaq sisteminin perestalkizm adlanan hərəkətlənməsi başlayır. Bu zaman dərman preparatının tez bir zamanda mədədən bağırsaq sisteminə ötürülməsi təmin edilir və bu şəkildə onun təsiri daha da tezləşmiş olur. Bəzi dərmanlar da var ki, onların mədə-bağırsaq sistemindən sorulması üçün qida ilə bir yerdə olmasında böyük fayda var, çünki qidalarla birlikdə mədə-bağırsaq sisteminə bir çox mineral maddələr daxil olur və onlar sorulma prosesini aktivləşdirir”,- deyə həkim-uroloq əlavə edib.
Ona görə də dərmanları düzgün qəbul etmək lazımdır ki, onun orqanizmə faydası olsun.

 

 

 

Səhiyyə 2023-06-22 14:54:00