×
A
A
A
Sazlamalar

Lənkəranın Separadi kəndində 150 hektarlıq sitrus bağı salınıb VİDEO

Lənkəran, 22 iyun, İlkin Adıyev, AZƏRTAC

Lənkəranın Separadi kəndində 150 hektarlıq sitrus bağı salınıb. 10,7 milyon manat dəyərində investisiyanın yatırıldığı bağda 135 min ədəd sitrus meyvə ağacı əkilib. Əsasən xarici sort toxumların yetişdirildiyi və şəhər mərkəzindən 18 kilometr məsafədə yerləşən bağda 100 nəfərdən çox daimi, 300 nəfər isə mövsümü işlə təmin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sitrus bağında hazırda limon, mandarin, nektarin və şaftalı yetişdirilir.
Təsərrüfat rəhbəri Nasir Cəfərzadə bildirib ki, bağın məhsulları əsasən daxili bazara çıxarılır. Bu ildən Rusiya bazarlarına da ixrac planlaşdırılır.
Ən müasir aqrotexniki xidmətlərin aparıldığı bağda damcı üsulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan 15 ədəd “Donqoruyan Pərvanə” (“Frost Guard”) tipli xüsusi avadanlıq quraşdırılıb.
“Bağın ərazisi böyük olduğu üçün qışda ağacların üstünü bağlaya bilmirik. Buna görə də Türkiyədən “Donqoruyan Pərvanə”lər gətirib ərazidə quraşdırdıq ki, bu pərlər şaxtanı ərazidən uzaqlaşdırsın. Hazırda 15 ədəd “Donqoruyan Pərvanə”miz var. Bir pər 9 hektar ərazini şaxtadan qoruyur. Əvvəllər pərlərimiz olmayanda şaxta ağaclara ziyan vururdu, indi isə problem demək olar ki, həllini tapıb” , - deyə təsərrüfat rəhbəri əlavə edib.
Bağdan cari ildə 3 min ton məhsulun əldə olunması gözlənilir.

 

 

Kənd təsərrüfatı 2023-06-22 10:31:00

Video