×
A
A
A
Sazlamalar

Kəkələmə və onun səbəbləri

Bakı, 21 iyun, AZƏRTAC

Hər dörd uşaqdan birində nitq ləngiməsi müşahidə edilir. Həmin problemin yaranmasına genetik problemlərlə yanaşı ağrı və infeksion xəstəliklər, qorxudan yaranan travmalar da səbəb olur. Ümumilikdə uşaq altı ayına qədər müxtəlif səslər çıxarmalı, 1 yaşında isə sadə sözləri tələffüz etməlidir. Mütəxəssislər bildirirlər ki, kəkələmə daha çox oğlan uşaqlarında rast gəlinir.
AZƏRTAC xəbər verir ki, loqoped Fəridə Adıgözəlova bununla əlaqədar deyib: “Kəkələmə daha çox 2-6 yaş aralığında müşahidə edilir. Bunun bir neçə səbəbi var. Birincisi odur ki, qız uşaqları daha tez danışır, söz bazaları daha zəngin olur və fikirlərini daha rahat izah edə bilirlər. Oğlanlarda isə söz ehtiyatı daha az olur, bir sözü başqası ilə əvəz edir, eyni sözü bir neçə dəfə təkrarlamağa çalışırlar ki, fikirlərini ifadə edə bilsinlər. Qızlar emosiyalarını daha mükəmməl nümayiş etdirə bilirlər”.
Eyni zamanda, uşağın izlədiyi cizgi filmi və müxtəlif proqramlar da onun nitqinə birbaşa təsir edir: “Kəkələmə ikidillilik zamanı da müşahidə edilir. Məsələn, valideynlər evdə Azərbaycan dilində danışdıqları halda uşaqlarını rus bölməsinə qoyanda bəzən kəkələmə yaranır. Uşaqlar telefon və televizorda izlədikləri süjetlərdə danışıq sürətlə getdiyi üçün onu rahat qavraya bilmirlər. Bundan başqa evdə uşaqla ünsiyyət zamanı çox yavaş, sözləri tam və aydın ifadə edərək danışmaq lazımdır. Valideynlər uşaqlara nağılı telefon və planşet vasitəsilə yox, özləri danışsalar daha yaxşı olar. Bu, həm uşaqların söz ehtiyatının artmasına, həm də onların telefon və televizordan uzaq qalmasına səbəb olar”.
Nitq geriliyi gələcəkdə psixi və əqli inkişafa da təsir göstərə bilir. Ona görə də problemə vaxtında müdaxilə etmək lazımdır. Psixoloji problemlə əlaqədar yaranan kəkələmə daha tez aradan qaldırılır.

Səhiyyə 2023-06-21 18:53:00