×
A
A
A
Sazlamalar

Mütəxəssis: Günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda isə məsləhət görülmür

Bakı, 21 iyun, AZƏRTAC

Günvurma günəş şüalarının beyinə təsiri nəticəsində yaranır. İlkin əlamətləri tənəffüs saylarının artması, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, başgicəllənməsi və digər bu kimi hallarla müşahidə edilir. Günvurmanın nəticəsinin ağırlığı yaş, alkoqollu içki və digər faktorlardan da asılı olur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.
Mütəxəssis qeyd edib ki, günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda isə məsləhət görülmür. Yay aylarında uşaqlar günvurmaya daha çox məruz qalırlar: “5 yaşa qədər uşaqlarda günvurmaya daha çox rast gəlinir. Saat 11:00-dan 16:00-dək açıq havada çox qalmaq məsləhət deyil. Bu saatlarda günvurma riski daha çox olur. Valideynlər yay aylarında uşaqlarının qidalarına diqqət etməli və geyimlərinə fikir verməlidirlər. İsti havalarda bol maye qəbulu tövsiyə olunur. Ağartı məhsullarından daha çox istifadə etmək lazımdır”, - deyə mütəxəssis vurğulayıb.
Həkim yay aylarında günvurma ilə bağlı risk qrupuna daxil olanların daha çox uşaqlar və yaşı 65-dən yuxarı olanlar, ürək-damar xəstələri, piylənmədən əziyyət çəkənlər olduğunu qeyd edib: “Günəş şüalarının insan orqanizminə faydaları olduğu kimi, son zamanlar aparılan araşdırmalara görə, təhlükəli olan şüaları da var. Bu səbəbdən xüsusilə risk qrupuna daxil olanlar diqqətli olmalıdır. Tövsiyə olunmayan saatlarda açıq havada çox qalmayın. Son vaxtlar günəş şüalarının mənfi nəticələrindən biri kimi dəri xərçənginə çox rast gəlinir”.
Mütəxəssis bildirib ki, D vitaminin 80 faizi dəridə yaranır, buna görə gün vannalarının qəbulu tövsiyə olunur. Lakin günvurma təhlükəsi səbəbindən adamın çox isti yerdə qalması da tövsiyə edilmir.

 

Səhiyyə 2023-06-21 18:02:00