×
A
A
A
Sazlamalar

Həkim-terapevt: Qaraciyər xəstəliklərinə 40-50 yaş arası kişilərdə daha çox rast gəlinir

Bakı, 21 iyun, AZƏRTAC

İlkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə müraciət edən hər bir xəstədən toplanan anamnez və şikayətlər düzgün dəyərləndirilərsə, bu xəstəliyin inkişafının və ağırlaşmasının qarşısını almağı mümkün edir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynova deyib. Onun sözlərinə görə, qaraciyər sirrozu qaraciyər toxumasının bərkiməsi, böyüməsi, hüceyrə sayının azalması, yerinə birləşdirici toxumanın gəlməməsi və qaraciyər funksiyasının kifayət qədər azalmasıdır. Ən təhlükəlisi də odur ki, qaraciyər lal orqan hesab edilir: “Qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir. Bu da xəstəliyin aşkarlanmasını çətinləşdirir. Xəstəliyə yoluxmamaq üçün vaxtında virus əleyhinə peyvənd vurulmalıdır. Qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük orqandır. O, qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorlarını sintez edib qanın laxtalanma prosesini təmin edir və maddələr mübadiləsində iştirak edir. Bu funksiyalarda zəifləmə baş verdikdə orqanizmdə zəiflik, iştahasızlıq, halsızlıq, arıqlama, sarılıq və digər simptomlar yaranır. Hepatozlar qaraciyərin piy distrofiyası (yağ hüceyrələrinin normadan 10 faiz və ya daha çox artması) nəticəsində əmələ gəlir. Buna qaraciyərin piylənməsi deyilir”.
V.Hüseynova bildirib ki, qaraciyərin iltihabi xəstəlikləri qaraciyərdə müxtəlif faktorlar səbəbindən əmələ gəlir: “Misal kimi qaraciyər hepatitlərini göstərə bilərik ki, bunun da əsas səbəbi viruslardır. Eyni zamanda, alkoqol qəbulu da qaraciyər xəstəliklərini yaradan ən böyük səbəblərdəndir. Əsasən, 40-50 yaş arası kişilərdə qaraciyər xəstəliklərinə daha çox rast gəlinir. Qaraciyərin autoimmun xəstəliyi isə qadınlarda daha çox müşahidə olunur. Qaraciyər xəstəliklərinin əsas müalicəsi düzgün pəhrizlə ayda 4-5 kiloqrama qədər arıqlamaq, heyvan məhsullu yağlardan, karbohidratlardan, alkoqol və lazımsız dərman vasitələrinin qəbulundan uzaq durmaq, bununla yanaşı, aktiv həyat tərzi keçirmək, metabolizmi sürətləndirməkdir. Əgər xəstəliyin səbəbi Hepatit viruslarıdırsa, virus əleyhinə dərman preparatlarından istifadə və simptomatik müalicə etmək lazımdır”.
Həkim-terapevt vurğulayıb ki, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindən biri qaraciyər piylənməsidir. Əmələ gəlməsi artıq bədən çəkisi və metabolik sindromla sıx əlaqəlidir: “Qaraciyər xəstələri müntəzəm olaraq həkim nəzarətində olmalı, xəstəliyin klinik-laborator müayinələri, inkişaf əlamətləri, eyni zamanda xəstələrin şikayətləri vaxtında və düzgün qiymətləndirilməlidir. Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır”, - deyə həkim-terapevt vurğulayıb.
İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrində müvafiq analizlər və müayinələr verməklə qaraciyər xəstəliklərini daha erkən aşkarlamaq və onun inkişafının, ağırlaşmasının qarşısını zamanında almaq mümkündür.

 

Səhiyyə 2023-06-21 15:50:00