×
A
A
A
Sazlamalar

2 nömrəli Bakı Baza Tibb Kollecində məzunlar üçün “Karyerada ilk addım” məşğulluq yarmarkası keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 2022/2023-cü tədris ilinin məzunları üçün məşğulluq yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, kollecdə “Karyerada ilk addım” devizi altında keçirilən yarmarkada tibb bacısı və mamalıq fakültəsini bitirən 405 məzun üçün iş yerləri təklif olunub.
Tədbirdə tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edib, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanıblar.
Kollecin direktoru Dilarə Məmmədəliyeva ilk dəfə olaraq orta ixtisaslı tibbi kadrlar üçün təşkil edilən yarmarkanın əhəmiyyəti barədə məlumat verərək deyib: “Əsas məqsəd məzunların işlə təmin olunmasına dəstək göstərmək, onların işəgötürənlərlə birbaşa əlaqəsinin yaradılmasıdır. Bu il kolleci tibb bacısı (qardaşı) işi, mamalıq, müalicə işi və əczaçılıq ixtisasları üzrə 503 tələbə bitirir. Məzunların 73 nəfəri regionlardakı tibb müəssisələrində işləmək arzusunda olduqlarını bildiriblər. Ona görə də bugünkü məşğulluq yarmarkasına Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət və özəl tibb müəssisələri və özəl aptekləri dəvət etmişik. Güman edirik ki, məzunlarımızın bir qrupu həmin tibb müəssisələrində özlərinə iş tapa biləcəklər”.
Yarmarkada tələbə və məzunlar işəgötürənlərə CV anketlərini və şəxsi məlumatlarını təqdim edib, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanıblar.
Kollecin müalicə işi fakültəsinin 3-cü kurs tələbəsi Yusif Topulzadə deyib: “Ölkəmizin aparıcı klinikalarının yarmarkaya dəvət olunması çox yaxşı haldır və məzunların işlə təmin olunmasına çox böyük diqqət və qayğı deməkdir. Yarmarkada iki özəl klinikaya öz CV-i anketimi təqdim etmişəm. Güman edirəm ki, ən yaxın günlərdə müraciətimə müsbət cavab veriləcək”.
Başqa bir məzun Bəylər Məmmədov isə bildirib ki, kollecdə iki ixtisasa yiyələnib. Əvvəlcə stomatologiya fakültəsini bitirib, bu il isə tibb qardaşı ixtisasına yiyələnib. O, öz arzusuna uyğun olaraq Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində işə qəbul olunmaq istəyir. Özü haqqında məlumatları həmin tibb müəssisəsinə təqdim edib.
Məzunlar onların işlə təminatı üçün yaradılan imkanı yüksək dəyərləndiriblər.
İyunun 22-də yarmarka əczaçılıq fakültəsinin 89 məzunu üçün təşkil ediləcək.

Səhiyyə 2023-06-21 12:23:00