×
A
A
A
Sazlamalar

Oturaq həyatın fəsadları

Bakı, 20 iyun, AZƏRTAC

Bəziləri tənbəllikdən, bəziləri isə məcburiyyətdən günün böyük hissəsini oturaq vəziyyətdə keçirir. Araşdırmalar göstərir ki, hər gün 10 saat oturmaq ömrü 8 il azaldır. Oturaq iş rejimi olanların ürək-damar sistemində və fəqərə sütununda ciddi problemlərə səbəb olur.
AZƏRTAC xəbər verir ki, həkim-fizioterapevt Nuriyə Əlibəyli bununla əlaqədar deyib: “Oturduqca mübadilə prosesi zəifləyir, eyni zamanda, əzələlər tonusdan düşür və onurğada ciddi fəsadlar yaranır. Uzun müddət oturduqda fəqərələr arasındakı disklərin çökməsi baş verir, yəni bir-birinin üzərində hərəkətsiz vəziyyətdə dayanır və bu zaman onurğada olan disklərin qidalanması zəifləyir. Fəqərələrarası disk yırtıqları protuziyalar, qabarmalar və s. kimi ciddi problemlərə aparıb çıxarır”.
Oturaq işdə çalışanlar həmin problemlərlə qarşılaşmamaq üçün müəyyən qaydalara əməl etməlidirlər: “40-45, uzağı 50 dəqiqədən bir iş otağında müəyyən sadə hərəkətlər – yanlara, önə doğru əyilmə, oturub-qalxma və s. Heç olmasa 1 saatdan bir həmin sadə hərəkətlər idman, trenajor hərəkətləri edilməlidir. İdman hərəkətləri orqanizmə, əzələyə və yanaşı problemlərə uyğun olaraq yerinə yetirilməlidir”,- deyə həkim-fizioterapevt bildirib.
Həmin halların yaranmaması üçün gün ərzində ən azı 1 saat gəzmək lazımdır. Sağlamlığında problem olanlar isə fasilə verməklə daha uzun müddət gəzməlidir.

Səhiyyə 2023-06-20 17:26:00