×
A
A
A
Sazlamalar

Huşunu itirmiş şəxsin ilkin olaraq nəbzi və tənəffüsü yoxlanılmalıdır

Bakı, 20 iyun, AZƏRTAC

Cəmiyyətdə xəstəliklər, onların yaranması və tibbi yardımlarla bağlı müxtəlif fikirlər eşidilir. Bəzən həmin fikirlər həqiqəti əks etdirmir və insanları yanlış istiqamətə yönəldir.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin saytının “Doğru bildiyimiz yanlışlar” rubrikasına istinadla bildirir ki, vətəndaşların səhhətlərində yaranan problemlərlə bağlı ən çox yanlış üsullardan istifadə etməsi hallarından biri də huşunu itirmiş şəxsə edilən ilk yardımla bağlıdır.
Yadda saxlamaq lazımdır ki, huşunu itirmiş şəxsə şillə vuraraq ayıltmaq yanlış üsuldur. Qısamüddətli huşun itməsinə qan təzyiqinin düşməsi, boğulma, hədsiz sevinc, kədər və aclıq səbəb ola bilər. Buna görə də ilk növbədə, huşunu itirmiş xəstənin nəbzi və tənəffüsü yoxlanılmalıdır. Nəbz və tənəffüs nizamlıdırsa, xəstə arxası üstə uzadılır, ayaqları bir qədər yuxarı qoyulur və hərəkətsiz uzanması təmin edilir.
Daha sonra huşunu itirmiş şəxsin paltarının boyun hissəsi açılmalı, hadisə izdihamlı və qapalı yerdə olarsa, sakit və açıq yerə aparılmalıdır. Bundan sonra xəstənin huşu özünə gəlməzsə, təcili tibbi yardıma müraciət etmək lazımdır.

Səhiyyə 2023-06-20 16:13:00