×
A
A
A
Sazlamalar

Kondisionerdən istifadə edərkən gözlənilməli qaydalar

Bakı, 19 iyun, AZƏRTAC
Alimlər hesab edirlər ki, kondisionerlər otağın havasında olan vitaminləri məhv edir. Həkimlər isə bildirirlər ki, həmin cihazlardan qeyri-düzgün istifadə yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə aparıb çıxara bilər.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev deyib: “Həmin hal daha çox kənar mühitin temperaturu ilə otaqdakı temperaturun 12 dərəcədən çox olduğu vaxtlar olur. Bir çox hallarda allergik, xüsusilə də tənəffüs yolları xəstəlikləri - allergik rinit, faringit və s. kimi xəstəliklərlə üzləşməli oluruq. Xəstələrdə burun axmaları, boğazda qıcıqlanmalar, halsızlıq baş verir. Əgər kondisioner üz, döş qəfəsi nahiyəsinə vurarsa, həmin nahiyələrin sinir iltihabı xəstəlikləri də baş verə bilər”.
Bundan başqa birbaşa kondisioner vuran yerdə oturmaq və ya onun altında yatmaq daha böyük problemlərlə üzləşməyə səbəb olur. Həkim-terapevt onu da qeyd edib ki, sağlamlığa bilərəkdən zərər vurmamaq üçün ondan imtina etmək yox, sadəcə düzgün istifadə etmək lazımdır: “Kondisionerin tərkibində benzoy turşusu var. Ona görə də cihazı işə qoşan kimi bir neçə dəqiqə otağı havalandırmaq lazımdır, çünki həmin turşunun təsiri ilə baş ağrıları da olur. Bu isə allergik reaksiyalara səbəb ola bilir. Kondisionerin filtrləri təmizlənməyəndə, illərlə çirkli qalanda ora bir çox bakteriyalar yığılır və cihazın havası həmin mikroorqanizmləri rahat şəkildə tənəffüs yollarına ötürür. Bundan başqa kondisionerin verdiyi hava quru havadır, otağın havasının azı 60 faiz nəmləndirilməsi lazımdır və uzun müddət kondisioner işləyərkən həmin havanın nəmlənməsi pozulduğu üçün bir çox xəstəliklər üzə çıxır”.
Kondisioner qızmar yay aylarında cansıxıcı istilərdən xilas etsə də, ondan mümkün qədər çox istifadə etməmək məsləhətdir. Çünki bu halda sağlamlığa bilərəkdən zərər vermiş oluruq.

Səhiyyə 2023-06-19 15:18:00