×
A
A
A
Sazlamalar

Mütəxəssis: Son illərdə ağciyər xəstəliklərində artım müşahidə olunur

Bakı, 13 iyun, AZƏRTAC

Bronxial astma, xroniki bronxit, ağciyər vərəmi, ağciyər xərçəngi, pnevmoniya, plevrit (ağciyər pərdəsinin iltihabı) kimi nəfəs yollarının hər hansı səbəbdən daralması, ağciyər toxumasının iltihablaşması səbəbindən yaranan problemlər ağciyər xəstəlikləri sayılır.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti İradə Səbziyeva deyib. Onun sözlərinə görə, adətən, iltihabi xarakterli olan ağciyər xəstəliklərinin əmələ gəlməsində ətraf mühitin mənfi faktorlarının böyük rolu var: “Misal olaraq, sənaye-istehsalat tullantıları, orqanik və qeyri-orqanik tozlar, toksik buxar və qazlar, aktiv və passiv siqaret çəkmək, uşaq yaşlarında təsadüf edilən və sonradan tez-tez müşahidə olunan tənəffüs yollarının xroniki iltihabı, allergiyalar, tənəffüs orqanlarında olan anomaliyalar, immun zəifliyi, gigiyenik qaydalara düzgün riayət olunmaması göstərilə bilər.
Öskürək, halsızlıq, hərarət, bəlğəm olması şikayətlərinə daha çox rast gəlinir. Hətta bəzən bəlğəm ifrazı qanlı da ola bilir. Son illərdə ağciyər xəstəliklərində artım müşahidə olunur. Əsasən, orta yaşlı, eləcə də ahıl kişilər daha çox müraciət edir. Kompüter tomoqrafiyası aparılarkən heç bir simptomlar olmasa da, ağciyər xəstəliklərinin müxtəlif mənşəli törəmələrinə də rast gəlinir”.
Həkim-terapevt İradə Səbziyeva bildirib ki, müalicə prosesinə, ilk növbədə, profilaktikadan başlamaq lazımdır: “Xəstə insan sağlam kollektivlə təmasda olmamalıdır. Göstəriş olarsa, maskadan, dezinfeksiyaedici məhlullardan istifadə edilməli, orqanizmə mənfi təsir edən faktorlar minimuma endirilməli, immun sistemi möhkəmlənməli, siqaret və digər zərərli vərdişlərdən qəti şəkildə imtina edilməlidir. Şəxsin yaşadığı və işlədiyi mühitdə çirklənmənin qarşısını almaq, daim otağı havalandırmaq, fiziki aktivlik, təmiz havada gəzmək, idman, üzgüçülük, əmək və istirahət rejimlərini tənzimləmək, vitamin, mikroelement və amin turşuları ilə zəngin qidalardan istifadə etmək ağciyər xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır”.
Xəstəliyin ilkin əlamətləri müşahidə edildiyi zaman mütləq ilkin səhiyyə xidməti görəsən tibb müəssisələrinə və ixtisaslı həkimlərə müraciət edin!

Səhiyyə 2023-06-13 15:51:00