×
A
A
A
Sazlamalar

Vətəndaşların 70 faizi icbari tibbi sığortadan məmnundur

Bakı, 13 iyun, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə əhalinin məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğu agentliyin sosial media hesabı üzərindən bir ay ərzində aparılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, onlayn sorğuda ümumilikdə 304 nəfər iştirak edib. Onlardan 53 faizini kişi, 47 faizini isə qadınlar təşkil edib. Onların 49 faizi 25-34 yaş aralığındadır.
Respondentlərdən icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib-etməmələri barədə sualla müraciət edilib. 72 faiz sorğu iştirakçısı icbari tibbi sığortadan yararlandığını bildirib.
Həmin şəxslərin 56 faizi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarında xidmət aldığını bildirib. Sözügedən tibb müəssisələri ilə yanaşı, agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində tibbi xidmət alan respondentlər isə 44 faiz təşkil edib.
İcbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə edənlərin məmnunluq səviyyəsi 70 faiz təşkil edib.
Onlayn sorğu zamanı əhalinin icbari tibbi sığortadan məmnunluğu ilə yanaşı, məlumatlılıq səviyyəsi də öyrənilib. Əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədilə agentlik tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə kampaniyası vətəndaşların məlumatlılıq səviyyəsinin qalxmasına gətirib çıxarıb. 96 faiz respondent icbari tibbi sığorta haqqında məlumatlı olduğunu bildirib.

Səhiyyə 2023-06-13 15:12:00