×
A
A
A
Sazlamalar

İqlim dəyişikliyi nevroloji xəstəliklərin orqanizmdəki təzahürünü ağırlaşdırır

Bakı, 13 iyun, AZƏRTAC

Nevroloji halların yaranmasının səbəblərini bir neçə qrupa bölmək olar. Xəstəliklərin yaranmasında genetik faktorların rolu çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda, ətraf-mühit amilləri, yuxu və qidalanma rejimi, əhval-ruhiyyə, gündəlik aktiv həyat tərzi də birmənalı olaraq nevroloji hallara təsir edir.
AZƏRTAC xəbər verir ki, bunu “Yeni klinika”nın nevroloqu Səbinə Tağıyeva deyib. Nevroloq iqlim dəyişikliyinin nevroloji hallara təsiri ilə bağlı bir çox tədqiqatın aparıldığını qeyd edib: “Tədqiqatların nəticələrinə görə, iqlim dəyişikliyi nevroloji xəstəliklərin orqanizmdəki təzahürünü ağırlaşdırır. Altsheymer, Parkinson, demensiya kimi xəstəlikləri buna nümunə göstərmək olar. Eyni zamanda, iqlim dəyişikliyi qan dövranını pozaraq, işemiya riskini artırır. Lakin iqlim faktoru bu problemlərin birbaşa səbəbi deyil”.
S.Tağıyeva iqlim dəyişikliyinin individual olaraq ağrı sindromlarını artırdığını deyib: “Bu da xəstələrdə başağrısı, yuxusuzluq kimi nevroloji simptomların əmələ gəlməsinə səbəb olur. Başgicəllənmə, yuxusuzluq, hərəki pozulmalar, həyəcan, əl və qol nahiyələrində keyimə hissini nevroloji simptomlara əlavə etmək olar. Bəzən gücsüzlük, yerişin pozulması kimi şikayətlər də qeydə alınır. Bundan əlavə çanaq orqanlarının funksiyalarının pozulması xəstələrin şikayətləri arasında tez-tez rast gəlinə bilər”.
Nevroloq sağlam qidalanmanın vacibliyini də vurğulayıb. Qeyd edib ki, bir çox nevroloji xəstəliyin yaranması zərərli qidaların istehlakı ilə birbaşa bağlıdır. Fastfud yemək artıq çəkiyə səbəb olur və şəkər xəstəliyinə meyliliyi artırır. Bu səbəbdən mərkəzi sinir sistemində ağırlaşmalar yaranır, xolesterin səviyyəsinə təsir edir, ürək-damar və beyində yarana biləcək xəstəliklərin riskini artırır.

 

 

 

Səhiyyə 2023-06-13 14:21:00