×
A
A
A
Sazlamalar

İki yaşına qədər uşaqların uzun müddət telefona baxması onlarda nitq inkişafını əngəlləyir

Bakı, 13 iyun, AZƏRTAC

Mobil telefonlar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Valideynlər smartfonların zərəri barədə məlumatlı olsalar belə, yenə də öz uşaqlarına mobil telefonlar verirlər. Bu çox zaman onların “başını qatmaq” üçün olur.
AZƏRTAC xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri, pediatr Aynurə Hüseynova deyib.
Pediatr smartfonların sağlamlığa zərərlərindən danışıb: “Aparılan araşdırmalara görə, iki yaşına qədər uşaqların uzun müddət telefona baxması onlarda nitq inkişafını əngəlləyir. Telefondan həddindən artıq istifadə etmək diqqət çatışmazlığı, hiperaktivlik, davranış pozulması, psixoloji və sosial problemlər, gözlərdə zəiflik, baş ağrıları və hətta beyin şişi kimi ağır xəstəliyə gətirib çıxara bilir. Bu səbəblərdən uşaqlar gün ərzində telefonla iki saatdan artıq məşğul olmamalıdır. Körpələr isə ümumiyyətlə telefondan uzaq tutulmalı və telefon söndürülmüş vəziyyətdə olduğu halda belə uşağın yatağının yanına qoyulmamalıdır. Çünki telefon söndürüldükdən sonra da ətrafa radioaktiv təsir edə bilir”.

 

 

 

 

Səhiyyə 2023-06-13 13:08:00