×
A
A
A
Sazlamalar

Həkim nəzarəti olmadan qəbul edilən dərmanlar xəstəlikləri ağırlaşdıra bilər

Bakı, 13 iyun, AZƏRTAC

Həkim təyinatı və göstərişi olmadan istifadə edilən dərman və vurdurulan iynə orqanizmdə digər xəstəlikləri yarada bilər. Xüsusilə uşaqlar üçün həkim məsləhəti olmadan müalicə metodu təyin etmək olmaz. Eyni zamanda, yanaşı xəstəlikləri olanların da reseptsiz aptekə getməyi tövsiyə edilmir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib. Mütəxəssis qeyd edib ki, dərmanlar böyrəklərdən və ya qaraciyərdən xaric olunur. Dərman qəbulu zamanı sözügedən orqanlar xüsusilə yoxlanmalıdır. Əks təqdirdə müayinə edilmədən dərman istifadəsi ciddi problemlərlə nəticələnə bilər.
Z.Quliyev mütəxəssis rəyi olmadan qəbul edilən dərmanların orqanizmdə yarada biləcəyi problemlərdən danışıb: “Əgər qaraciyər və böyrəklərdə müəyyən xəstəliklər varsa, dərman istifadəsi zamanı xaric olunan preparat həmin bölgədəki xəstəlikləri ağırlaşdıra bilər. Bəzi dərmanlar ağciyər problemləri, mədə və bağırsaq qanaması kimi riskləri artır, immun sistemini kəskin zəiflədir. Yuxarı tənəffüs yolu xəstəlikləri çox zaman virus mənşəli infeksiyalar səbəbindən yaranır. Virusların müalicəsində həkim nəzarəti olmadan antibiotik qəbulu prosesi ləngidir, xəstənin sağalma müddəti uzanır, hətta bəzən ağırlaşması ilə nəticələnir. Eyni zamanda, yerli-yersiz vitaminlərdən istifadə etmək də yolverilməzdir. Ehtiyac olmadığı təqdirdə vitaminlərin normadan çox istifadəsi qaraciyərə mənfi təsir göstərir”.

 

 

Səhiyyə 2023-06-13 12:36:00