×
A
A
A
Sazlamalar

Saatlıda may balının süzümünə başlanılıb FOTO

Saatlı, 13 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Mil-Muğan bölgəsinin arıçıları may balı kimi tanınan balın süzümünə başlayıblar. Bölgənin spesifik və zəngin bitki örtüyü, eyni zamanda, isti hava şəraiti arı ailələrinin daha çox bal toplamasına imkan yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, may balının süzümünə iyun ayının əvvəllərindən başlanılıb. Arıçılar məhsuldarlıqdan razıdırlar. Arı ailələrinin işləməsi üçün əlverişli şərait bal məhsulunun keyfiyyətinə və məhsuldarlığına müsbət təsir göstərib.

Uzun illərdir arıçılıqla məşğul olan Rasim Bədəlov bu mövsüm arı ailələrindən bol məhsul toplayacağına əmindir: “İlk dəfə 2011-ci ilə 2 qutu ilə arıçılığa başladım. Çox gözəl sahədir, həm qazanc əldə etmək olur, həm də arıların maraqlı həyat tərzini izləmək insana zövq verir. Bizim bölgənin zəngin bitki örtüyü və isti iqlimi bu sahə üçün əlverişli sayılır. Ötən il 29 arı ailəm olub və 450 kiloqram may balı süzə bildim. Bu il isə daha 4 arı ailəsi artırmışam. Bu il arılar çox gözəl işləyiblər. Hətta bir çox qutunu 3 mərtəbəli etmişik”.

Onun sözlərinə görə, Mil-Muğan bölgəsinin balı tərkibinə və keyfiyyətinə görə çox fərqlidir. Yaz fəslində demək olar ki, bütün bitkilər çiçəkləyir və arıların çalışması üçün nektar bazası daha zəngin olur. Bu amillər isə məhsulun bol olmasına imkan yaradır.
Rasim Bədəlov deyir ki, arıçılıq sahəsinə dövlət dəstəyi bu işdə onlara böyük kömək göstərir. Arıçı hər arı ailəsinə görə subsidiya alır və həmin vəsait hesabına arılar üçün dərman və digər zəruri vasitələr əldə edir.

Saatlı rayon sakini Ehtiram Məmmədovun da arıçılıq sahəsində xeyli təcrübəsi var. Artıq təsərrüfatında 200-dən çox arı ailəsi olan təsərrüfat sahibi bildirir ki, ildən-ilə bu sahədə təcrübəsini daha da artırır. “May balının tərkibində demək olar ki, 70 növdən çox bitkinin nektarı yer alır. Bizim arı ailələrimizin bir qismi biyanlıq sahədə yerləşir və həmin arı ailələri yalnız biyan bitkisindən nektar çəkir. Digər arı ailələrimizin yerləşdiyi ərazi isə həyətyanı sahədədir. Əlbəttə, Muğan bölgəsinin müxtəlif bitki örtüyü may balının keyfiyyətinə birbaşa təsir göstərir. Bundan əlavə, biz arıçılar da arı ailələrinin yerləşdiyi ərazidə müxtəlif bitki örtüyü salırıq. Məsələn, bizim bağda olan müxtəlif bitki örtüyü alma, heyva, armud, albalı, gilas, ərik, nar və digər meyvə ağacları, həmçinin yonca, yağ tikanı, akasiya, pişik caynağı, arı otu, melisa, qarağat, həmçinin tuqay meşələrindəki zəngin yulğun örtüyü və “qridiça” dediyimiz ağacların çiçəkləri arılar üçün əsas bitki bazası sayılır. May balının tərkibi məhz buna görə qarışıq və zəngin olur”, - deyə o vurğulayır.

Ehtiram Məmmədov bir neçə gündür bal süzümünə başlayıb. Onun sözlərinə görə, birinci süzümdə bir arı ailəsindən təxminən 30 kiloqram bal götürür. Növbəti süzümdə məhsul daha çox - 60-70 kiloqrama çatır. Arı məhsulları təkcə balla yekunlaşmır, yeşiklərdən çiçəktozu, arı südü, güləm də götürülür.

Kənd təsərrüfatı 2023-06-13 10:54:00