×
A
A
A
Sazlamalar

Qazi anası Respublika Klinik Xəstəxanasında əməliyyat olunub

Bakı, 12 iyun, AZƏRTAC

Qazi anası, Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü Raya Nəbiyeva Ağasən qızı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına uzun müddətdir ki, əziyyət çəkdiyi sol əlində gücsüzlük, tezyorulma, ağrı və uyuşmanın olması, hətta bu ağrının qollara yayılması şikayəti səbəbindən müraciət edib.
Xəstəxanadan AZƏRTAC-a verilən məlumata görə, Raya Nəbiyeva Travmatologiya şöbəsinin həkimi Elşən Nəcəfov tərəfindən müayinə edilib, xəstəyə Karpal tunel sindromu diaqnozu qoyulub.
Xəstəyə orta sinirin cərrahi yolla sərbəstləşdirilməsi əməliyyatı olunub. Qazi anası ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Travmatologiya şöbəsinin həkimi Elşən Nəcəfova minnətdarlığını bildirib.
Qeyd edilib ki, Raya Nəbiyeva İkinci Qarabağ müharibəsi qazisi Ərəstunzadə Asim Mahir oğlunun anasıdır. Asim Ərəstunzadə 1997-ci ildə Ağsu rayonunda anadan olub. Tərtər rayonunun Çaylı və Suqovuşan kəndlərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Asim Ərəstunzadə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Səhiyyə 2023-06-12 16:51:00