×
A
A
A
Sazlamalar

İlin əvvəlindən bəri aqrar sığorta hadisəsi ilə əlaqədar 700-dən çox müraciət daxil olub

Bakı, 12 iyun, AZƏRTAC

Ölkədə kənd təsərrüfatı məhsullarının əlçatanlığının, dayanıqlı, fermer fəaliyyətinin təmin edilməsi məqsədilə fəaliyyət göstərən Aqrar Sığorta Fondu (ASF) sistemin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı bölgələrdə tədbirlər keçirir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunda keçirilən təbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, fermerlər, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub.
Çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan meyvəçilik, tərəvəzçilik, kartofçuluq, üzümçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, rayonda aqrar sahənin inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Anar Oruclu ötən həftələrdə respublika ərazisində ardıcıl yağan yağışlar, dolu, sel-subasma nəticəsində kənd təsərrüfatına ciddi zərər dəydiyini, məhsulunu sığortalamayan fermerlərin böyük itkilərlə üzləşdiyini xatırladıb. Qeyd edib ki, bütün fermerlərin öz gəlirlərini qorumaq məqsədilə aqrar sığorta xidmətlərindən istifadə etməsi önəmlidir və bunun üçün də hər bir imkan yaradılıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrində genişlənərək, istehsal həcminin təxminən 95 faizini əhatə etmək imkanına malikdir. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər. Onun sözlərinə görə, dövlət dəstəkli aqrar sığorta Prezident İlham Əliyevin fermerlərə xüsusi qayğısının bariz nümunəsidir. Dövlət fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Fermerlərin bu xidmətlərdən istifadə edə bilməsi üçün hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Buna görə də biz fermerlərə səslənirik ki, onlar bu xidmətdən faydalansınlar və öz məhsullarını qorusunlar.
Hazırda Aqrar Sığorta Fondu tərəfindən 400 min hektar əkin ərazisi sığortalanıb. Artıq 5 ay ərzində bunun 80 min hektarına müxtəlif dərəcədə ziyanlar dəyib. İlin əvvəlindən hadisələr barədə 700-dən çox müraciət daxil olub. Müstəqil ekspertlərimiz hazırda zərərlərin qiymətləndirilməsi məqsədilə bölgələrdə səfərdədirlər. Qiymətləndirmə işi yekunlaşandan sonra sığortalı fermerlərimizə dəymiş zərərlər tam şəkildə ödəniləcək.
“Açıq səma altında istehsalı təbiət hadisələrindən qorumaq mümkün deyil. Ciddi bir hadisə zamanı fermerlər nəinki gözlədikləri gəlirləri, yatırımlarını da itirirlər. Bu hallarda onlara dəstək olmaq, fermerlərin investisiya və qazanclarının etibarlı qorunması məqsədilə dövlət tərəfindən yaradılmış aqrar sığorta fermerlərimizin xidmətindədir. Qubada aqrar sığorta regional nümayəndəliyinin fəaliyyətinin də əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bütün fermerlərə daha yaxın olmaq, xidmətlərin əlçatanlığını təmin etməkdir”, - deyə F.Sadıqov əlavə edib.
Toplantıda fermerləri maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Sonda Xudat rayonunda yerləşən nümunəvi meyvə bağına aqrar sığorta ekspertinin iştirakı ilə baxış keçirilib.

Kənd təsərrüfatı 2023-06-12 16:46:00