×
A
A
A
Sazlamalar

Hamilələrdə normadan çox şişkinlik orqanizmində yaranan xəstəliklərin göstəricisi ola bilər

Bakı, 12 iyun, AZƏRTAC

Hamiləlik dövründə qadınlarda patologiya və xəstəlik sayılmayan fizioloji şişlər yaranır. Lakin şişlərin normadan artıq, daha uzunmüddətli davam etməsi qadın orqanizmində yaranan bir sıra xəstəliklərin göstəricisi ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Elnarə Məstiyeva deyib. Onun sözlərinə görə, normadan çox olan şişkinliklər hamiləlik dövründə yaranan bir sıra ağırlaşmaların əlaməti ola bilər. Bu hal ana və körpənin həyatı üçün təhlükəli vəziyyət yaradır.
Mama-ginekoloq hormonların təsiri altında hamilə qadının orqanizmində bir sıra dəyişikliklərin yarandığını deyib: “Ümumi dövr edən qanın həcminin artması bədənin suya tələbatını çoxaldır. Artan qanın həcmi damarların yüklənməsi ilə nəticələnir. Damarlarda gedən proses natrium və suyu orqanizmdə saxlayır, onun ümumi qan dövranına qayıtmasını ləngidir. Bu səbəbdən su ətraflarda yığılıb şişkinlik yaradır. Sözügedən proseslər hamiləliyin 8-ci həftəsindən başlayaraq inkişaf edir, hamiləliyin sonuna doğru daha aydın müşahidə olunur”.
Həkim hamilələrin qadın məsləhətxanalarına müraciət etmələrinin vacibliyini də vurğulayıb: “Hamiləlik müddətində qadın ən az 7 dəfə mütəxəssis tərəfindən yoxlanmalıdır. Həkim hamilənin vəziyyətini dəyərləndirən zaman xəstənin çəkisinə xüsusilə nəzarət edir. Ananın bir həftə ərzində 300 qrama qədər çəki alması normaldır. Çəki artımı normadan çoxdursa, bu patoloji halın inkişafının göstəricisi ola bilər. Sözügedən problemdən əziyyət çəkən xanımlar düşünür ki, əgər şişkinlik artırsa, su istehlakı azaldılmalıdır. Lakin bu, düzgün yanaşma deyil. Gün ərzində hamilə üçün tələb olunan mayenin miqdarı 1,5 litrdən az olmamalıdır. Adətən şişkinliklə bağlı patoloji hal aşağı ətraflarda müşahidə edilir”.
E.Məstiyeva yarana biləcək patoloji halın qarşısını almaq üçün bir sıra məsləhətlər verib: “Müalicə prosesində düzgün qidalanmaq və istirahət rejimi ilkin amildir. Mütəxəssis qəbul edilən və ifraz olunan mayenin miqdarını nəzərə almaqla birinci dərəcəli patoloji vəziyyətin qarşısını ala bilər. Lakin ikinci, üçüncü dərəcəli şişkinliklər əlavə müalicə və klinik müayinələr tələb edir. Ən təhlükəli hal hamilənin üzündə, bel nahiyəsində şişkinliklərin qeydə alınmasıdır. Bütün bu problemlərin qarşısını öncədən almaq üçün hamilələr vaxtında qadın məsləhətxanalarına müraciət etməli, özlərində normadan kənar dəyişiklik, həkimin tövsiyələrinə uyğun olmayan hal müşahidə etdiklərində dərhal mütəxəssislə məsləhətləşməlidir. Yaşı 35-dən yuxarı olan, şəkərli diabet, hipertoniya və digər problemləri olan hamilə qadınlar daha ciddi nəzarətdə olmalıdır”.

Səhiyyə 2023-06-12 16:32:00