×
A
A
A
Sazlamalar

Bakteriyalar səbəbindən yaranan boğaz ağrısı ağırlaşaraq təhlükəli ola bilər

Bakı, 12 iyun, AZƏRTAC

Boğaz ağrısı badamcıqların və boğaz limfoidlərinin iltihabı nəticəsində yaranan kəskin infeksion xəstəliyidir. Udqunan zaman boğazda kəskinləşən ağrı kimi özünü göstərir. Ağrının əsas əlaməti faringitdir.
Bunu AZƏRTAC-a pediatr Ruhiyyə Yusifova deyib. Onun sözlərinə görə, soyuqdəymə və qrip virusu səbəbindən yaranan boğaz ağrısı, adətən, 1-2 gün ev şəraitində edilən müdaxilə ilə keçir.
Pediatr bakterial infeksiyalar nəticəsində yaranan boğaz ağrısının antibiotik müalicəsi tələb etdiyini deyib: “Bəzən uzunmüddətli ağrıya kompleks müalicə lazım olur. Boğaz ağrısı hər yaşda insanda müşahidə edilən xəstəlikdir. Müəyyən bakteriyalar səbəbindən yaranan boğaz ağrısı ağırlaşaraq təhlükəli ola bilər. Proses 40 dərəcəyə kimi yüksələn temperaturla nəticələnir. Bu zaman boğaz ağrısının əlamətlərinə səs batıqlığı, öskürək, boğazda yanma hissi, yorğunluq, nəfəsdə qoxu kimi vəziyyətlər də aiddir. Əgər ağrı ev şəraitində keçmirsə, həkim tərəfindən məsləhət görülən antibiotiklər boğaz ağrısının müalicəsinə müsbət təsir edə bilər”.
Həkim soyuqdəymə səbəbindən yaranan boğaz ağrısı üçün bir sıra məsləhətlər verib: “İsti maye istehlakını artırmaq boğaz ağrısının müalicəsində ən effektiv yoldur. Xüsusilə, ballı çay içmək tövsiyə olunur. Duzlu su ilə gündə bir neçə dəfə boğazınızı qarqara etməklə iltihabı azaltmaq mümkündür. Ağrılar dözülməz olanda yüngül ağrıkəsicilər istifadə edilə bilər. Xalq təbabətində bir sıra məhsullar boğaz ağrısına faydalı hesab olunur. Bəlğəmotu, adaçayı, pion çiçəyi kimi otları qaynatdıqdan sonra əldə olunan suyu ilə qarqara boğaz ağrısının müalicəsində effektivdir. Qarqara ediləcək qarışıq ilıq olmalıdır”.

 

Səhiyyə 2023-06-12 16:15:00