×
A
A
A
Sazlamalar

Qida zəhərlənməsi zamanı ilkin yardım

Bakı, 12 iyun, AZƏRTAC

Yay mövsümündə qida zəhərlənmələri diaqnozu ilə həkimlərə müraciətlərin sayı artır. Bunun bir neçə səbəbi var. Hərarət artdıqca patogen mikrobların çoxalması da sürətlənir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt İsmayıl Əfəndiyevin dediyinə görə, yayda bütün məhsulların saxlanılma şəraitinə fikir vermək lazımdır: “Yay aylarında xüsusən ət və ət məhsulları, ondan hazırlanan müxtəlif qida məhsullarının soyuducudan kənarda qalma müddəti 1, maksimum 2 saatdan çox olmamalıdır. Bəzi hallarda həmin qidalar soyuducudan kənarda qaldığına görə istehlak ediləndən sonra qida zəhərlənməsi baş verir. Meyvə və giləmeyvələr, xüsusən qarpız kəsilib yeyiləndən sonra qalan hissəsi soyuducuya qoyulmalıdır”.
Süd məhsullarının da soyuducuda saxlanılması mütləqdir: Qarın ağrısı, ürəkbulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin əsas əlamətləri sayılır: “Uşaqlarda həmin əlamətlər həyati təhlükəli vəziyyət yarada bilər. Belə hallarda həkim müdaxiləsinə qədər ilk yardım kimi evdə aktivləşdirilmiş kömürdən istifadə etmək olar. Hər on kiloqram bədən çəkisinə 1 aktivləşdirilmiş qara kömürün əzilərək su ilə içilməsi zəhərlənmənin qarşısını bir qədər ala bilər. Müalicənin sonrakı mərhələsi isə yalnız həkim təyinatı ilə aparılmalıdır”,- deyə həkim-terapevt bildirib.
Zəhərlənmə əlaməti 1 saatdan 6 sata qədər, eləcə də 2-5 gün arasında özünü büruzə verir. Xəstənin vəziyyəti ağırlaşanda bədən temperaturu da artır. Gec müdaxilə edilməsi daha ağır fəsadlar verə bilər.

Səhiyyə 2023-06-12 15:04:00