×
A
A
A
Sazlamalar

Qaxda arpa sahələrində orta məhsuldarlıq 28,2 sentnerdir

Qax, 12 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında arpa biçininə başlanılıb. Rayonun Ağyazı, Qaradolaq, Qaşqaçay və Əlibəyli kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlərdə 940 hektar sahədə arpa biçilib, 2650 ton məhsul tədarük olunub. Hələlik hər hektarda orta məhsuldarlıq 28,2 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 13 min 322 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 9 min 252 hektarını buğda, 4 min 70 hektarını dən üçün arpa sahələri təşkil edir. Biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib.
Taxıl biçininə, ümumilikdə, 31 ədəd kombayn, həmçinin lazımi qədər şum traktoru, küləşpresləyən aqreqat, yük maşını, qoşqu və digər texnika cəlb edilib. Hazırda sahələrdə 16 ədəd kombayn işləyir.

Kənd təsərrüfatı 2023-06-12 12:57:00