×
A
A
A
Sazlamalar

Analitik Ekspertiza Mərkəzi: 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı, 9 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən hər ay özəl tibb müəssisələrində planlı və plandankənar yoxlamalar keçirilir. Bu ilin may ayı ərzində plan üzrə yoxlamalar siyahısında olan 34 özəl tibb müəssisəsindən 28-də planlı yoxlamalar olub. Bunun nəticəsi olaraq, 19 müəssisədə nöqsanlar aşkarlanıb.
AZƏRTAC Analitik Ekspertiza Mərkəzinə istinadla bildirir ki, plandankənar yoxlamalar nəzərdə tutulan 16 müəssisənin 14-də yoxlamalar aparılıb. Nəticədə yoxlanılan hər bir özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb.
Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 27 protokol tərtib edilib və icraata göndərilib.
Qeyd edilib ki, İXM-in 210.1-ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) əsasən, fiziki şəxslər 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə edilir.
İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək cərimə edilir.
İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, 25 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 15 müraciətə müsbət rəy verilib.

Səhiyyə 2023-06-09 15:55:00