×
A
A
A
Sazlamalar

Bakıda Avropa və Mərkəzi Asiyada xəstəxanaların gələcəyinə dair keçirilən beynəlxalq görüş yekunlaşıb

Bakı, 8 iyun, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə xəstəxanaların gələcəyi ilə bağlı Bakıda keçirdiyi yüksək səviyyəli regional görüşü işini yekunlaşdırıb.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ÜST-nin Azərbaycandakı ölkə ofisi ilə birgə həyata keçirilən layihə çərçivəsində dəstəklədiyi görüşün son günü Azərbaycanda xəstəxanaların və səhiyyə sisteminin transformasiyasına həsr edilib. Milli Məclisin və ölkənin səhiyyə qurumlarının təmsilçiləri bu sahədə son illər atılan addımlar və əldə edilən nəticələri, eləcə də gələcəyə dair baxışlarını tədbir iştirakçıları ilə bölüşüblər. Eyni zamanda, ÜST-nin ölkənin səhiyyə sisteminin dəstəklənməsində əsas partnyorları sırasında olan USAID və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə birgə layihələr barəsində panel müzakirəsi keçirilib.
ÜST xəstəxanaların gələcəyini birlikdə formalaşdırmağa davam etmək üçün üzv dövlətlər, tərəfdaşlar və maraqlı tərəflərlə əməkdaşlıq və birgə müzakirələrə davam edəcək.
Xatırladaq ki, “Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan tədbir ÜST-nin Avropa regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox hökumət nümayəndəsini, xəstəxanaların tibb işçilərini və tərəfdaşları bir araya gətirib.

Səhiyyə 2023-06-08 15:47:00