×
A
A
A
Sazlamalar

Dünya Fizioterapiya Konqresində ölkəmizin fizioterapiya sahəsindəki nailiyyətləri barədə məlumat verilib

Bakı, 5 iyun, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri Pərvin Əkbərov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Fizioterapiya Konqresində iştirak edib. Konqresə dünyanın 131 ölkəsindən ekspertlər, mütəxəssislər qatılıb. Onlar fizioterapiya sahəsində yenilikləri, ideyaları bir-biriləri ilə bölüşərək, fikir mübadiləsi aparıb, elmi tədqiqatları barədə məruzələr ediblər.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, Dünya Fizioterapiya Konqresinə qatılan Pərvin Əkbərov fizioterapiya sahəsində müasir yanaşma və həllərin tətbiqi, tibb sahəsində dünyanın qabaqcıl ölkələrində təhsil alan və çalışan mütəxəssislərin bilik və bacarıqlarının təqdimatı baxımından konqresin işini yüksək qiymətləndirib, Azərbaycanda son illər fizioterapiya sahəsində əldə olunan mühüm irəliləyişlər barədə məlumat verib.
Dünya Fizioterapiya Konqresi 2 ildən bir keçirilir. İlk dəfə 1953-cü ildə London şəhərində, daha sonra 2017-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində, 2019-cu ildə isə İsveçrənin Cenevrə şəhərində keçirilib. 2021-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar olaraq konqres onlayn formatda təşkil olunub. Növbəti konqres isə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

 

 

Səhiyyə 2023-06-05 16:45:00