×
A
A
A
Sazlamalar

TƏBİB ilə “BioPharmax” şirkəti əczaçılıq sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Bakı, 31 may, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax”ın rəhbər heyəti ilə görüş keçirilib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Vüqar Qurbanov Azərbaycan-İsrail əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib, tibb kadrlarının bilik və bacarıqlarının, səhiyyə idarəetmə modelinin təkmilləşdirilməsi, dərman və tibbi ləvazimatlarla təchizat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində perspektivlərdən danışıb.
“Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisində də “BioPharmax” şirkətinin uğurla iştirak etdiyini vurğulayan icraçı direktor şirkəti bu il də sərgidə aktiv şəkildə təmsil olunmağa dəvət edib: “Əczaçılıqda İsrailin güclü sənaye potensialının mövcudluğu, məhsullarının keyfiyyəti, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsi, innovasiyaların geniş tətbiqi də bizim üçün çox önəmlidir və bu amillərin qarşılıqlı əməkdaşlıqda faydalı olacağına inanıram”.
“BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin TƏBİB-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır.
Yossi Tzabari istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Biofarmaks Afezco” şirkəti yerli istehsal, eləcə də biofarmasevtik məhsulların ixracı üçün beynəlxalq qabaqcıl biotexnologiyaların tətbiqini həyata keçirir.
“BioPharmax” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktoru Ramal Şalmiyev də çıxışında şirkətin əczaçılıq sənayesi sahəsində dünya liderlərindən olduğunu söyləyib: “Şirkət biotexnologiya, əczaçılıq və sintez API istehsalçıları üçün istehsalat müəssisələri və sistemlərinin qlobal layihə və tikinti xidmətləri təchizatçısıdır. 40 ildən artıqdır ki, “BioPharamax” bütün dünya sənaye liderlərinə xidmət göstərir, proses mühəndisliyi və texnologiya transferi ilə bağlı layihələrdə unikal imkanlar əldə edib”.
Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

Səhiyyə 2023-05-31 19:09:00