×
A
A
A
Sazlamalar

Şimali Kiprdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sərgi açılıb

Bakı, 27 may, AZƏRTAC

Yaxın Şərq Universiteti Xəstəxanasının sərgi salonunda Kipr Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə 54 azərbaycanlı rəssamın əsərindən ibarət Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Kipr Müasir İncəsənət Muzeyinin 444-cü sərgisi iyunun 2-dək ziyarətçilər üçün pulsuz olacaq.
Sərginin açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin (KTC) Prezidenti Ersin Tatar, Respublika Məclisinin sədri Zorlu Törə, Azərbaycan Kipr Dostluq Cəmiyyəti və KTC Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzinin sədri Orhan Həsənoğlu və Yaxın Şərq Universitetinin rektoru professor Tamer Şanlıdağ çıxış ediblər.
“Türk dünyasının bu qədər böyük kolleksiyanı bir yerə toplayan yeganə muzeyi olan Kipr Müasir İncəsənət Muzeyinin Şimali Kipr Türk Cümhuriyyətində olması bizim üçün böyük şərəfdir”- deyən Prezident Ersin Tatar Azərbaycan Müstəqillik Gününə həsr olunan sərgidə iştirakdan məmnunluğunu bildirib.
Kipr Müasir İncəsənət Muzeyinin 50 mindən çox sənət əsəri ilə 14 türk icmasına mənsub rəssamların əsərlərini bir araya gətirdiyini bildirən Prezident Ersin Tatar, Kipr Müasir İncəsənət Muzeyinin Türk dünyasında belə sənət əsərləri toplayan yeganə muzey olduğunu bildirib.
O, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsini rəhmətlə yad etdiyini söyləyib və Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırıb.
Çıxışında Azərbaycanın türk dünyası üçün əhəmiyyətini vurğulayan Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ölkəmizi digər Türk dövlətlərinə açılan qapı kimi dəyərləndirib.
Tədbirdə çıxış edən digər natiqlər də sərginin əhəmiyyətindən danışıblar.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.

 

Mədəniyyət 2023-05-27 12:07:00